Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İbrahim Səfərov ifadə verib.
O deyib ki, RİÇ firmasının təsisçisi kimi, 1996-99-cu illərdə “Azərbaqqaliyə” TTK-dan bir neçə dəfə şəkər tozu alıb.
Onun sözlərinə görə, xaricdən mal almaq üçün pulu Emil Xəlilova verib. Zərərçəkmiş İ.Səfərov ona 675 min manat zərər dəydiyini deyib:
“Məni mal almaq adı ilə aldatdı. Pulum bu günə qədər qaytarılmayıb. Şikayətim var, pulumu geri tələb edirəm”.
Proses dekabrın 6-da davam etdiriləcək.
İttiham görə, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə 3 milyon 381 min AZN zərər vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
E.Xəlilov uzun müddət beynəlxalq axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!