1e55fe29-c346-4c50-82bb-8bb71a993a81..jpg

İntihar etmək istədi, ona mane olan arvadını qətlə yetirdi

Baxış sayı: 943 dəfə baxılıb.

İntihar etmək istədi, ona mane olan arvadını qətlə yetirdi

Qobustan rayonunda 1980-ci il təvəllüdlü Elman şəxsi münasibətlər zəminində
1986-cı il təvəllüdlü həyat yoldaşı Faziləni (adlar şərti verilib – red.) qətlə
yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elman 28 mart 2021-ci ildə saat 17
radələrində özünü öldürmək məqsədilə yaşadığı evin həyətində toyuq hini kimi
istifadə olunan tikilinin içərisinə gedib. O, corabında gizlətdiyi bıçaqdan,
şalvarının cibindəki ülgücdən istifadə etməklə bədəninin müxtəlif nahiyələrinə
xəsarət yetirib.

Həmin vaxt onun arxasınca tikiliyə gəlmiş arvadı Fazilənin onu özünü
öldürməsinə mane olmağa çalışdığını görüb. Bundan əsəbiləşən Elman arvadını
öldürmək niyyəti ilə ona ümumilikdə 56 bıçaq xəsarəti yetirib. Qadın aldığı
xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Elmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü
(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə
ittiham elan edilib.

Elmanın barəsində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda Elman qeyri-adekvat
hərəkətlər nümayiş etdirib. O, psixi sağlam insanın ifadəsinə xas olmayan
uydurma hadisələr barədə danışıb, qeyri-müəyyən şəxslər tərəfindən özünü və
arvadını öldürməyə məcbur edildiyini deyib.

Bu səbəbdən məhkəmə onun ibtidai istintaq orqanı tərəfindən alınmış ifadəsini
tədqiq edib və hökmə əlavə edib.

Elman istintaqa ifadəsində bildirib ki, 31 may 2002-ci ildən Qobustan
şəhərində yerləşən müəssisələrdən birində nəzarətçi vəzifəsində xidmət edib:

“Mən növbəlilik əsasında işləyirdim. Bir gün, yəni 24 saat ərzində işdə, iki
gün, yəni 48 saat isə evdə olurdum. Sonuncu dəfə martın 26-da növbədə oldum.
Martın 27-də saat 09.00-da növbəni təhvil verərək evə qayıtdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 3 avqust 2008-ci ildə Fazilə ilə ailə
həyatı qurub:

“Fazilə ilə öz istəyim əsasında ailə qurmuşam. Bu nikahdan iki qızımız, bir
oğlumuz dünyaya gəlib. Ailə həyatı qurduqdan 2015-ci ilə kimi anam və bibimlə
birlikdə yaşamışıq. 2015-ci ildən sonra isə həyətdə yeni tikilmiş evdə ayrıca
yaşadıq. Evli olduğumuz müddətdə arvadımla aramızda həmişə yaxşı münasibət
olub. Heç vaxt münaqişəmiz olmayıb”.

Elman deyib ki, 2021-ci il martın 18-dən etibarən onda qəribə hislər yaranmağa
başlayıb: “Gözümün qarşısında müxtəlif qəribə hadisələr canlandı. Həmçinin
beynimə müxtəlif qəribə fikirlər gəldi. Görə bilmədiyim kimlərsə mənimlə
danışdı. Mənə hansısa sözləri dedilər. Artıq bu vəziyyətdən bezdiyim üçün özümü
öldürmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin martın 18-dən sonra dəfələrlə
arvadı Faziləyə özünü öldürəcəyini deyib:

“Fazilə isə hər dəfə mənə “balalarımız yazıqdır, onları yetim qoyma” deyə
yalvardı. Ancaq özümü öldürəcəyim barədə Fazilədən başqa heç kimə bir söz
deməmişəm. İntihar fikrimin olması haqda Fazilənin kiməsə bir söz
deyib-demədiyini bilmirəm. Ona görə də qorxduğundan 2021-ci ilin martın 18-dən
sonra Fazilə məni daim nəzarət altında saxlayıb”.

Elmanın ifadəsinə görə, martın 27-də, səhər saat 09.00-da işdən qayıtdıqdan
sonra gözünün qarşısına gələn qəribə görüntülər daha da artmağa başlayıb:

“Televizorda gedən verilişlərdəkilərin haqqımda və mənimlə danışdığını
düşündüm. Həmin verilişlərdə mənə müxtəlif sözlər dedilər.

Anam mənə hər hansı söz deyəndə pis bir söz dediyini düşünürdüm. Ondan aralı
qaçırdım.

Artıq martın 27-də qəti olaraq özümü öldürmək qərarına gəldim. Bundan ötrü
boğazımı kəsərək özümü öldürüm deyə həmin gün evdə üzümü təraş etmək üçün
istifadə etdiyim ülgüclərdən iki ədədini götürdüm və şalvarımın cibinə qoydum.
Həmin gün özümü öldürməyə cəhd etmədim”.

Elman qeyd edib ki, Faziləyə özünü öldürəcəyini dəfələrlə dediyinə görə hətta
evin mətbəxində olan bıçaqları götürərək gizlədib:

“Yalnız qonaq otağındakı mebeldə olan istifadə edilməmiş bıçaqlar qaldı. 27-28
mart tarixlərində yenidən Faziləyə özümü öldürəcəyimi dedim. Martın 28-də,
səhər saat 10 radələrində Fazilə mebeldə olan bıçaqları da əskiyə bükərək yataq
otağında gizlətməyə apardı.

Mən Fazilənin bıçaqları gizlətdiyini gördüm. O, otaqdan ayrılan kimi tez
gizlincə oradakı bıçaqlardan birini götürdüm və corabımın içində gizlətdim.
Bıçaq götürməyimi heç kim, o cümlədən Fazilə də görmədi. Gün ərzində bıçaq
corabımın içərisində, bir gün əvvəl götürdüyüm iki ülgüc isə əynimdəki
şalvarımın cibində idi”.

Elmanın ifadəsinə görə, martın 28-də günorta evdə nahar edib:

“Həmin vaxt evdə anam, bibim, arvadım və övladlarım olublar. Günortaya kimi
qardaşım da bizimləydi, nahardan sonra getdi. Günorta yeməyindən təxminən 4-5
saat sonra özümü öldürmək üçün həyətə çıxdım.

Həyətə çıxarkən heç kim özümü öldürməyə getməyimi başa düşməsin deyə bir
siqaret yandırdım. Siqareti çəkə-çəkə həyətə çıxdım və toyuq hininə tərəf
getdim. Həyətə çıxanda Fazilə məndən hara getdiyimi soruşdu. Siqaret çəkməyə
çıxdığımı dedim. Bu adla həyətə çıxdıqdan sonra toyuq hininə daxil oldum.
Özümlə gətirdiyim bıçağı corabının içindən çıxartdıqdan sonra sağ əlimlə
qarnımın üst, yan və arxa nahiyələrinə zərbələr vurmağa başladım.

Bədənimin arxa nahiyəsinə zərbələr vurmaq üçün əvvəlcə bıçağı bel nahiyəmə
söykədim. Sonra bıçaq daxilə keçsin deyə bıçaq qarışıq özümü hinin divarına
çırpdım. Bədənimin müxtəlif yerlərindən qan axmağa başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, özünə bıçaqla neçə zərbə vurduğu yadına
gəlmir:

“Özümə xeyli bıçaq zərbəsi vurduqdan sonra, hinə girməyimdən təxminən 10
dəqiqə keçmiş Fazilə əlində arpa dolu vedrə içəri girdi. Qanın içində olduğumu
gördü. Vedrəni yerə ataraq mənə tərəf gəldi. Qışqıra-qışqıra mənə “özünü
öldürmə, balalarına yazığın gəlsin” deyə yalvarmağa başladı.

Həmçinin, bıçağa əl ataraq əlimdən almağa çalışdı. Ona müqavimət göstərməyə
başladım. Çoxlu qan itirmişdim. Gözüm artıq qaralmışdı, halsız vəziyyətdəydim.

Əgər Fazilə bıçağı məndən alsa, özümü öldürə bilməyəcəyimi düşündüm. Buna görə
də istəmədən bıçaqla ona zərbələr vurdum. Məqsədim onu öldürmək deyildi.
İstəyirdim Fazilə əlimdən bıçağı ala bilməsin və özümü rahat şəkildə öldürə
bilim.

Fazilənin bədəninin hansı nahiyələrinə və hansı sayda bıçaq vurduğumu
xatırlamıram”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun
atası bildirib ki, 2021-ci il martın 27-ə qədər Elmandan heç bir narazılığı
olmayıb:

“Ailəsinə yaxşı baxıb, ailəcanlı olub. Martın 26-da Elman mənə zəng edərək
dolana bilmədiyini, boşanmaq istədiyini dedi. Məndən Fazilə ilə uşaqlarını
aparmağımı xahiş etdi. Sonra qızıma zəng etdim, bu haqda danışdım. Qızım mənim
gəlməməyimi dedi, ərinin sıxıntılarının olduğunu bildirdi”.

Hüquqi varis qeyd edib ki, növbəti gün Elman ona zəng edib:

“Peşman olduğunu, ailəsini itirmək istəmədiyini dedi. Bu səbəbdən qızımın
evinə getmədim. Martın 28-də isə Elmanın Faziləni öldürdüyünü bildim. Onun
xasiyyətində dəyişikliklərin olmasını qohumları bilib. Lakin biabır
olacaqlarını düşünüb onu həkimə yox, mollaya aparıblar.

Nəvəmin sonradan dediklərinə əsasən atası nənəsinin, anasının qulağında və
saçlarında GPS aparatı axtarmaqla kimlərinsə onu izlədiyini deyib. Elmanı
xəstəxanaya aparmağı təklif etsəm də, qohumları buna razı olmadılar”.

Məhkəmə iş üzrə şahidləri dinlədikdən və sənədləri araşdırdıqdan sonra hökm
elan edilib. Hökmə əsasən, Elmanın barəsində ittihamedici hökm çıxarılmayıb.

Qərara görə, Elmanın Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə
tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulması, Cinayət
Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü müəyyən edilib.

Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, ona ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi
tədbir təyin olunub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri
dəyişdirilmədən saxlanılıb. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsə və Ədliyyə
Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə
cinayət işinin icraatı dayandırılıb.

Source link