Bakı Ağır Cinayətlər Məhkəməsində Samir İsmayılzadə və Şəhriyar Abbasovun CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən ilin sentyabr ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən qadın tanış olduğu Samir adlı şəxsin fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib, ondan 10 min manat aldığını və yenidən iki min manat tələb etdiyini bildirib.
Ayın 27-də qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə və onun tanışı, Bakı şəhər sakini Şəhriyar Abbasov zərərçəkəndən iki min manat alarkən saxlanılıblar və istintaqa təqdim ediliblər.
İş üzrə dindirilmiş İsmayılzadə 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 10 min 500 manat aldığını etiraf edib.
Məhkəmə prosesində Samir İsmayılzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində zərərçəkmişə “Instagram” sosial şəbəkəsində tanış olduğunu göstərib.
Tanış olduqları ərəfədə o, qadından ona şəkillər göndərməsini istəyib, qadın da ona bir neçə şəklini göndərib. Növbəti dəfə görüntülü danışarkən, Samir onun şəkillərini çəkib, sonra da onları yayacağı ilə hədə-qorxu gələrək, onunla görüşməsini tələb edib.
Görüşərkən cinsi əlaqədə olublar. Şəkilləri silməsi müqabilində o, bir ilə yaxın, vaxtaşırı zərərçəkmişdən pul tələb edib və alıb.
Zərərçəkmiş təqsirləndirilən şəxsin söylədiklərini təsdiq edib və uzun müddət hədələməklə, ondan külli miqdarda pul alıb. Çəkdiyi şəkilləri yaxınlarına göndərəcəyini deyib, axırıncı dəfə İsmayılzadənin istədiyi məbləğ olmadığı üçün məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edib.
Növbəti proses ayın 4-nə təyin edilib.