“Barselona”nın futbolçusu Andres İnyesta bu gün mətbuat konfransı keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi jurnalistlərin və komanda yoldaşlarının iştirak etdiyi konfransda cari mövsümün onun “Barselona”dakı son çıxışı olduğunu açıqlayıb:
“Rəsmi şəkildə klubu tərk edəcəyimi elan etmək istəyirəm. Bu mənim “Barselona”nın heyətində sonuncu mövsümümdür. Mən bu niyyətim haqda çox uzun-uzadı fikirləşdim və bu qərarı verdim. İstəyirəm ki, məni böyük futbolçu və insan kimi xatırlasınlar”.
O bu sözləri deyərkən özünü saxlaya bilməyərək qəhərlənib. Bu, konfrans iştirakçılarının da doluxsunmağına səbəb olub.
Xatırladaq ki, Andres İnyesta “Barselona”nın yetirməsi sayılır. O, 2002-ci ildə mavi-qırmızılarda debüt edib. Bu klubla səkkiz dəfə İspaniya çempionluğunu, altı dəfə ölkə kubokunu, yeddi dəfə Superkuboku qazanıb. İnyesta dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə də klublararası dünya çempionatının qalibi olub.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com