“İşğaldan azad olunan regionlarda tikilən məktəblərdə STEAM kabinetlərinin,
mərkəzlərinin yaradılması həyata keçirilib”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar
Nəzərov oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış
mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, ümumilikdə 398 məktəbdə STEAM layihəsinin tətbiqi həyata
keçirilib:
“Ölkənin müxtəlif regionlarında 23 STEAM mərkəzi var. Yaşıl dünya iqlim
həmrəyliyi çərçivəsində həmin mərkəzlərdə tədris prosesinə qoşulan şagirdlərdən
başqa 2500 şagird tədrisə cəlb olunub. Eyni zamanda STEAM üzərində Yaşıl
Bacarıqlar layihəsinə də 240-dan çox şagird cəlb olunub”.
Layihə rəhbəri bugünkü festivalda Şuşa şəhərindən 1 nömrəli orta məktəbin,
Laçın rayonu 2 saylı məktəbin və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta
məktəbin şagirdlərinin iştirak etdiyini vurğulayıb.
İ.Nəzərovun sözlərinə görə, builki festivalın final mərhələsinə ümumilikdə 244
komanda üzrə 900-dən çox iştirakçı qatılıb:
“İştirakçı ölkələrin coğrafiyası genişdir. Onlardan 146-sı Böyük Britaniya,
Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil
olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və
iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və
Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edib.
Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq
ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların
yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”,
“Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək”.
Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.
İki gün davam edəcək festivalda iştirakçılar, həmçinin “COP29 Azərbaycan”
Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim
dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak
edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi,
təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı
təhsilalanların aşkara çıxarılması ilə yanaşı,
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı
yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və
alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları
və layihələrin hazırlanmasını təşviq etməkdir.
Aygün Mirakif