İqtisadçı: “2024-cü ildə inflyasiya təzyiqləri zəifləyəcək” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İlin yekununa bir aya yaxın vaxt qalıb. 2023-cü ildə bir neçə məhsulun
qiymətlərində artma və ya azalma müşahidə edilib. Ümumiyyətlə, 2023-cü ildə
yüksək inflyasiya təzyiqləri olub və bu il yüksək inflyasiya göstəriciləri ilə
yadda qalıb.
Artıq 2023-cü illə vidalaşmağımıza sayılı günlər qalıb. 2024-cü ilin iqtisadi
proqnozları hər kəs tərəfindən səbirsizliklə gözlənilir. Xüsusən də məhsulların
qiyməti ilə bağlı məqam daha çox diqqətdədir.
Bəs görəsən, 2024-cü ildə iqtisadiyyatımızı nə gözləyir? Ötən illərlə
müqayisədə iqtisadiyyatın vəziyyəti necə olacaq?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə
görə, 2024-ci ildə inflyasiya təzyiqləri əvvəlki illərlə müqayisədə zəifləyəcək:
“2024-cü il üçün ümumi qənaət ondan ibarətdir ki, inflyasiya təzyiqləri
2023-cü illə müqayisədə zəifləyəcək. Azərbaycan hökumətinin və beynəlxalq
qurumların Azərbaycan üçün gözlənilən qiymətlərin dəyişməsi indeksi və yaxud
inflyasiya səviyyəsi təxminən 7-9 faiz arasında dəyişir. Bu da o deməkdir ki,
cari illə müqayisədə səviyyə aşağı düşəcək”.
Ekspert qeyd edib ki, son bir neçə ay ərzində ərzaqların ucuzlaşması müşahidə
olunub:
“Biz əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının hesabatlarına baxsaq, görərik ki, son, xüsusilə də bir neçə ay
ərzində ərzaq qiymətləri azalmaqda davam edir. Hətta oktyabr ayında da bu özünü
göstərdi.
Düzdür, bəzi məhsulların, məsələn, şəkər tozunun qiymətində müəyyən mənada
artım oldu. Lakin bitki yağı, kərə yağı, taxıl məhsullarının və un
məmulatlarının qiymətində azalmalar oldu. Və hələ də davam edir”.
R.Həsənov qeyd edib ki, 2024-cü ildə Azərbaycanda ərzaq məhsullarının
qiymətində qismən az artım olacaq:
“Bir sıra məhsulların qiymətində dəyişikliklər daha çox enerji qiymətləri ilə
əlaqəli olduğu üçün 2024-cü ildə enerji qiymətlərinin səviyyəsinin təxminən
cari səviyyə ilə bənzər formada proqnozlaşdırılmasını nəzərə alsaq, aydın olar.
Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyasının proqnozlarını
nəzərə almış olsaq, digər qeyri-neft məhsullarının, daha doğrusu digər
qeyri-ərzaq məhsullarının böyük həcmli bahalaşmasının qarşısını ala bilər.
Və yaxud qiymətlərin sabit qalmasının qarşısını ala bilər. Əsas burada
təzyiqlər daha çox əməyin, əmək xərclərinin maliyyələşdirilməsi istiqamətində
ortaya çıxacaq. Çünki 2023-cü il yüksək inflyasiya göstəriciləri 2024-cü ildə
müvafiq istiqamət üzrə korreksiyanın edilməsinə və əməkhaqlarının artırılmasına
səbəb olacaq.
Bu da təxminən məhsulların maya dəyərinin əvvəlki illə müqayisədə üç faizə
qədər artmasına gətirib çıxaracaq. Bu istiqamətdə qiymət artımları təzyiqi
yarana bilər. Amma təbii ki, burada əhalinin alıcılıq gücü və s. faktorlarda
dominantlığını qoruyub saxlayacaq”.
“Başqa bir məqam isə məhz qlobal iqtisadiyyatla bağlı potensial risklər
məsələsidir. Çin və Avropa iqtisadiyyatı ilə əlaqədar tərəddüdlər enerji
qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər. Bu da nəqliyyat xərclərinin
aşağı düşməsi və məhsulların qiymətlərinin daha aşağı düşməsi istiqamətində
təzyiq yarada bilər.
Yaxın Şərqdə müşahidə edilən İsrail və Fələstin konfliktinin sonradan başqa
ölkələrə sıçraması halı daha neqativ bir ssenarinin inkişafına gətirib
çıxarmaqla, əsas neft məhsulları axını olan istiqamətlərin, yolların təhlükəyə
girməsinə, neft bazarında təklifinin aşağı düşməsinə və qiymətlərin bahalaşması
ilə bütövlükdə götürəndə gözlənilməz bir situasiyanın yaranmasına və bu günə
qədər, xüsusilə son iki ildə inflyasiyanın qarşısının alınması ilə əlaqədar
görülən tədbirlərin, fəaliyyətlərin nəticəsinin zəiflədilməsinə gətirib çıxara
bilər. Yəni burada kifayət qədər fərqli faktorların müxtəlif istiqamətlərdə
təzyiqləri proqnozlaşdırılır. Amma mən düşünürəm ki, məhz pozitiv istiqamətli
meyillərin və ssenarilərin gerçəkləşməsi ehtimalı daha yüksəkdir”, – deyə Rəşad
Həsənov fikrini tamamlayıb.
Nəzrin Vahid