1c465338-f583-4a5b-90a7-2c6b8afc6766..jpg

İqtisadi artım üçün nə edilməlidir?

Baxış sayı: 711 dəfə baxılıb.

İqtisadi artım üçün nə edilməlidir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır…

Cari ilin birinci rübünün ölkə iqtisadiyyatı üçün yaxşı başladığı hələ yanvar
ayından özünü göstərmişdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu ilin
uğurla start götürdüyünü qeyd etmişdi. Bunu rübün yekunları da göstərdi. İlk
rüb ərzində həm ÜDM istehsalında müsbət dinamika davam edib, həm də dövlət
büdcəsi üzrə icrada artıq nəticələr əldə edilib.

Bütün bunlara da səbəb, keçən ilin yekunları hesab edilir.

Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkədə 29
milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4%
çox ÜDM istehsal olunub ki, qeyri-neft-qaz sektoru 6,7% artaraq 18,7 milyard
manat təşkil edib.

2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon
300 min manat, xərcləri isə 8 milyard 412 milyon 600 min manat təşkil etməklə,
821 milyon 700 min manat profisit əldə edilib. Dövlət Neft Fondundan transfert
nəzərə alınmasa büdcə gəlirləri 12,9% çox icra edilməklə 6039,0 milyon manat
təşkil edib.

Ümumiyyətlə, 2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsi gəlirləri 8 milyard
544 milyon 800 min manat proqnoza qarşı 9 milyard 234 milyon 300 min manat
təşkil edib ki, bu da proqnozla müqayisədə 689 milyon 500 min manat və ya 8,1%,
2023-cü ilin müvafiq dövrü ilə müqayisədəsə 11,4 % və ya 944 milyon 300 min
manat çox deməkdir.

Ancaq burada bir nüans var, belə ki, ötən ilə nisbətən neft-qaz sektorundan
fərqli olaraq qeyri-neft-qazdan vergilər xətti ilə büdcəyə daha çox vəsait
daxil olub. Belə ki, cari ilin ilk 3 ayı ərzində dövlət büdcəsi gəlirlərində
neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 1 milyard 367
milyon 300 min manat təşkil edibsə, ötən il bu rəqəm 2 milyard 284 milyon manat
idi.

Bu, 42%-dək azalma deməkdir.

Qeyri-neft-qaz sektoruna gəldikdə isə 2024-cü ilin yanvar-mart ayları üzrə
dövlət büdcəsinə 2 milyard 914 milyon 400 min manat daxil olub ki, ötən ilin
eyni aylarında isə bu rəqəm 2 milyard 615 milyon 500 min manat təşkil edirdi.
Söhbət, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmadan gedir.

Bu isə 11,4% çox deməkdir.

Diqqəti yönəltmək istədiyim məqam odur ki, neft-qazdan gəlirlər azalmaqda
olduğu halda qeyri-neft-qazdan artır. Bu, müsbət haldır. Mənfi cəhət budur ki,
birinci üzrə sürət ikincidən daha çox təşkil edir. Yəni, 42%-dək azalma
müqabilində 11,4 % artım qeyri-mütənasibdir.

Bu temp dövlət büdcəsinin hazırkı icra vəziyyətindəki qənaətbəxş görüntüyə nə
vaxtsa xələl gətirə bilər.

Sual yaranır ki, bəs, nə etməli?

Girişdə qeyd etdim ki, birinci rübdə uğurlu başlanğıcın əsasında ötən ilin
yekunları dayanır. Ümumiyyətlə, əvvəlki yazılarımın birində də qeyd etmişdim
ki, dövlət büdcəsinə proqnozdan artıq gəlirlərin əldə olunmasında ölkədə
iqtisadi artımın, yəni istehsalın artması – yeni istehsal, iş yerlərinin
açılması və məşğulluğun genişlənməsi mühüm rol oynamalıdır.

Yeri gəlmişkən, 2019-cu ildən bəri pandemiya ilini (2020-ci il) çıxmaq şərtilə
ölkədə hər il iqtisadi artım qeydə alınıb. 2019-da iqtisadiyyat 2,2%
artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də 5,6%, 2022-ci ildə 4,6%,
ötən il isə 1,1% artıq ÜDM əldə olunub.

Elə buna nəzərən də, İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, neft-qaz
hasilatının proqnoz ediləndən artıq enməsi, həmçinin bu sahəyə dair dünya
bazarlarında konyunktur şərait ÜDM-in nominal səviyyəsinə təsir göstərsə də,
son illər ərzində ölkədə qeyri-neft-qaz sektorunda aparılan islahatlar və
dəstək tədbirləri artımda dayanıqlığı qoruyub saxlamağa imkan verib.

Qeyri-neft-qaz sektorunun gələcək inkişafına gəldikdə isə bu istiqamətdə həm
hüquqi, həm də praktik sahədə hökumət böyük işlər görüb və görür, müvafiq
addımlar atır. Təbii ki, bütün bunlar da öz nəticəsini göstərir. Belə ki,
qeyri-neft-qaz sektoru üzrə istehsal və ixrac artır.

Ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə
nə artım baş verirsə bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur.

Lakin bu, kifayət deyil. Qənaətbəxş vəziyyət o vaxt əldə olunmuş sayılacaq ki,
qeyd olunan sektor üzrə ixrac həcmimiz 50%-ə çatacaq. Bunun üçünsə
iqtisadiyyatın liberallaşdırılması daha dərin və geniş həyata keçirilməlidir.
Çünki qeyri-neft-qaz sektorunun inkişafı vaxt tələb edən məsələdir.

İqtisadiyyatda rəqabət imkanları genişləndirilməlidir.

Source link