937f295e-8aca-48e7-ba26-6eeff121ac39.jpg

İqtisadi Şuranın növbəti iclası keçirildi: Müvafiq tapşırıqlar verildi

Baxış sayı: 199 dəfə baxılıb.

Oktyabrın 10-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir
Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

Cixisyolu.com xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26
sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş
müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları
zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində
ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr
üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta
vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar
inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın
sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının baş
prokuroru Kamran Əliyev çıxış ediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar
Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ
üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin
və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri
dinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş
müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri
nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq
tapşırıqlar verilib.

Source link