İqtisadiyyat nazirinin müavini Parisdə “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə
iştirak edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat nazirinin müavini Parisdə “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə
iştirak edib.
Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(OECD) “2023-cü il üzrə Avrasiya Həftəsi” keçirilib, tədbirdə Azərbaycanı
iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti təmsil edib.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.
Tədbir çərçivəsində Pandemiya və müharibə şoklarına qalib gəlmək üçün
dözümlülük və bərpa, Avrasiya məkanında biznes mühiti və islahatlar, habelə
Avrasiyada aşağı karbona keçid, dayanıqlı infrastruktur üzrə strateji
çərçivələr və digər mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb.
S.Məmmədov öz çıxışında Azərbaycan Respublikasının son illər ərzində iqtisadi
inkişafı, həyata keçirilən geniş beynəlxalq əməkdaşlıq və irimiqyaslı
layihələr, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri
barədə ətraflı məlumat verib. Ənənəvi neft-qaz ölkəsi olan Azərbaycanın son
illərdə həyata keçirdiyi qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın
şaxələndirilməsi, ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması,
sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi
mexanizmləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən yerli və regional
əhəmiyyətli layihələr, o cümlədən nəqliyyat, enerji, xüsusilə yaşıl enerji
layihələrindən bəhs edilib.
Nazir müavini, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata
keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, dövlət başçısı
tərəfindən bu ərazinin yaşıl enerji zonası elan edildiyini vurğulayıb.
Çıxışının sonunda nazir müavini Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcəyi qərarına istinad edərək Azərbaycana dəstək verən bütün
ölkələrə təşəkkürünü ifadə edib və bütün OECD üzvlərini bu tədbirdə fəal
iştiraka dəvət edib.
Tədbir çərçivəsində, həmçinin KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev
tərəfindən Azərbaycan Hökumətinin bizneslərin, xüsusilə də KOB sektorunun
inkişafına xüsusi önəm verdiyi, müvafiq sahədə həyata keçirilən islahatların
davamı olaraq yaradılmış KOBİA-nin bizneslərin bilik və innovasiyalara,
bazarlara, maliyyə resurslarına çıxış imkanının artırılması, dövlət və özəl
sektor xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və əlverişli
biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi
tədbirlər barədə məlumat verib.
Tədbir iştirakçıları çıxışlarında Azərbaycanın COP29 tədbirinə ev sahibliyi
etməsi münasibətilə təbriklərini səsləndiriblər.