İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf
ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri
Alparslan Bayraktarla görüşüb.
Cixisyolu.com xəbər verir ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında
səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional
inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji
maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın
Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar enerji
tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə
fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29-a
tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və
əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji
sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib,
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.