ec567d99-1a05-4a70-bc36-aec50fdb64c3..jpg

İqtisadiyyat Nazirliyindən Qarabağda biznes qurmaq istəyənlərə MÜRACİƏT

Baxış sayı: 534 dəfə baxılıb.

İqtisadiyyat Nazirliyindən Qarabağda biznes qurmaq istəyənlərə MÜRACİƏT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli
inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam
etdirilir.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş,
işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na
uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi
aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir.

Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan
sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və
onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb.
Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər
istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, restoran,
aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru
təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri və
inşaat malları mağazası) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd
olunan tələblərə cavab verən kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid
olan sahibkarlara və hüquqi şəxslərə əməkdaşlıq təklif edilir.

Müraciətçilərə dair tələblər:

– Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;

– Kadr potensialının mövcud olması;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması;

– Fəaliyyətin təmin olunması üçün dövriyyə vəsaitlərinin (maliyyə vəsaiti,
xammal, mal-material və s.) olması;

– Müvafiq sahə üzrə maddi-texniki bazasının olması (avadanlıq, texnika və s.
təminatının olması);

– Müvafiq sahə üzrə təcrübəyə malik olması;

– Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu
(DSMF) və digər öhdəliklərinin olmaması.

Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə
aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi[email
protected] elektron poçt ünvanına
göndərməyinizi xahiş edirik:

– İşçilərin siyahısı;

– Maddi-texniki baza haqqında məlumat;

– Bank çıxarışı və anbar qalığı haqqında məlumat;

– İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) hüquqi
şəxslərin dövlət reyestrindən çıxarış və müvafiq sahə üzrə təcrübəsi haqqında
məlumat;

– Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərinə dair DVX-dən
arayış;

– İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə
müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat;

– Qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya və icazə tələb olunan
sahələrə dair müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surəti.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir
sıra güzəştlər və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

Vergi güzəştləri:

– İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən
etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş
vergidən azaddırlar.

– işğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan
rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal
nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların,
habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən
10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş
təsdiqedici sənəd əsasında tətbiq edilir.

– İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu
fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat
fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması
istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi
daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac
edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.

– İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri,
xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və
fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən
xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur.

– işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə
fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə
və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur

– Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin
rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar
gəlirlərinə də şamil edilir.

– Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər
daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən
göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna
olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən
ƏDV-nin 5 faizi geri qaytarılır.

Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:

– İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə,
həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur.
Əməkhaqqının 50%-i işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi
tərəfindən ödəniləcəkdir.

Sosial güzəştlər:

– Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa,
mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan
istifadə etmək hüququna malikdirlər.

– İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə
məzuniyyət verilir.

Sosial sığorta güzəştləri:

– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət
göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma
sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına
malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş
ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar
istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan
sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial
sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş
məcburi dövlət sosial sığorta haqqının:

– 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

– 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

– 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

– 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.

– Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə
nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri
məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında
subsidiyalaşdırılması nəzərdə tutulur.

Kommunal güzəştlər:

– Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə
işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin
ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən
hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi,
təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə
görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində
maliyyə yardımı ödənilir.

Əlavə məlumat üçün: 012 311 01 60 (daxili “1206”).

Source link