İqtisadiyyatda şəffaflaşma davam etdirilməlidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pərviz Heydərov yazır…
İqtisadiyyatında şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv
vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik olaraq gəlirlərin
uçota alınması və dövlət büdcəsinə ödənişlərin yüksəlməsi ilə nəticələnir.
Məsələn, 2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli
ilə müqayisədə 0,8% artaraq 768,1 minə çatıb.
Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına
görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9% artaraq 47,5 min
təşkil edib ki, aktiv təsərrüfat subyektləri, yəni obyektlərinin sayı 205,0 min
olub. Vergi islahatlarına başlandığı 1 yanvar 2019-cu ildən bəri aktiv vergi
ödəyicilərinin sayında 1,7 dəfə artım baş verib.
Bundan əlavə, yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində aparılan işlər də öz bəhrəsini verir. Belə ki, yeni nəsil
NKA-lardan istifadə hesablaşmaları daha şəffaf aparmağa, malların qanunsuz
dövriyyəsinin qarşısını almağa və nəzarəti təmin etməyə imkan yaratmaqla digər
istiqamətdə də gəlirləri üzə çıxartmağa yol açır.
2024-cü ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə
qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 9,2% çox deməkdir.
Yeri gəlmişkən, qeyd olunan proses, “Azərbaycan Respublikası Vergilər
Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan
“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52
nömrəli qərarına əsasən həyata keçirilir.
Bu il aprelin 1-dək ölkədə 97 min 192 yeni nəsil nəzarət-kassa aparatı
quraşdırılıb ki, bu, pis statistika deyil.
Ümumiyyətlə, qeyd olunan NKA-lar nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş
yeni növ proqram-aparat kompleksi olmaqla, onun vasitəsi ilə alınan və emal
edilən çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar
barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində
Dövlət Vergi Xidməti üzrə informasiya sistemləri bazasına ötürülməsi işlərini
təmin edir.
Sözügedən aparatlar pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə
əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə olunur.
İş bundadır ki, hələ də pərakəndə satış şəbəkələrində və ictimai-iaşə
obyektlərində dövriyyəyə nəzarətin bərpa edilməsindən yayınmaq istəyənlər var,
o baxımdan ki, üzərlərinə düşən vergi öhdəliklərindən yayınmağa çalışırlar.
Sözügedən nəzarət bir sıra subyektlər üzrə əvvəllər heç bir halda mövcud
olmadığından bərpa sözünü işlətmək də düzgün deyil.
Söhbət, təmin etməkdən gedir əslində.
Nəzarət-kassa aparatı mövcud olduğu halda bəhanə olaraq müxtəlif texniki
xarakterli səbəblər gətirilməklə ödənişi nağd və yaxud kartdan-karta köçürmə
yolu ilə tələb edənlər də mövcuddur.
Məlumdur ki, ölkədə nağdsız ödənişlər xüsusən 2020-ci ildən, yəni pandemiya
ilindən sonra genişlənib. Plastik kartlar vasitəsilə ödənişlər artıb və buna
əhalidə böyük maraq və meyil yaranıb. Bu özü də dövriyyəyə nəzarətə və onun
uçota alınmasına yardım edir və yol açır. Lakin, alış-veriş zamanı və yaxud da
tutaq ki, hər hansı bir restoranda göstərilən xidmətə görə ödənişin kartdan
karta köçürülməsi həmin nəzarətə və uçota alınmaya imkan yaratmır.
Odur ki, belə amilləri aradan qaldırılmaq lazımdır. Bir daha xatırladıram ki,
son 5 ilin ərzində ölkə əhalisinin sosial-iqtisadi istiqamətdə müdafiəsini
təşkil etmək məqsədilə biri-birinin ardınca həyata keçirilən dörd mühüm və
çoxşaxəli sosial paketin icrası məhz iqtisadiyyatda aparılan vergi və digər
islahatların, başqa sözlə desəm, şəffaflaşma və “ağarmanın” hesabına mümkün
olub.
Məhz 2019-cu ildən etibarən kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi
addımların sayəsində sosial sahədə indiyədək görünməmiş addımlar atmaq mümkün
olub ki, minimum əməkhaqqı 2,7, pensiya 2,5 dəfə, 2018-2022-ci illərdə orta
aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5
dəfə, əməkhaqqı fondu 2,3 dəfə artıb.
Təkrar sual edirəm, niyə və nəyin hesabına? Sualın cavabı budur ki, ölkədə
həyata keçirilməyə başlanan şəffaflığın, yeni yanaşmanın və islahatların
hesabına.
Ümumiyyətlə, vergi sahəsində iqtisadiyyatda tətbiq olunmağa başlanılan,
mahiyyətcə güzəştli xarakter daşıyan müvafiq islahatlar nəticəsində dərəcələrdə
və yığımda inzibatçılıq xeyli təkmilləşib. Yayınma azalıb, uçot bazasının və
dövriyyənin sənədləşdirilməsi də daxil, vergitutma rejimi kimi məsələlər
yenilənib, vergi güzəştlərinin optimallaşdırılması hesabına iqtisadi səmərə
xeyli dərəcə yüksəlib.
Və bütün bunların sayəsində də dövlət büdcəmizə istər vergi, istərsə də,
rüsumlar sarıdan ödənişlərin həcmi nəzərdə tutulduğundan milyonlarla manat
artıq vəsait daxil olub və olmaqda da davam edir.
Lakin, bütün bunlar fasiləsiz xarakter daşımalıdır.