75ffd8b2-304b-4e5b-bc64-ff2c8b1456aa..jpg

“İrəli” İB Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar paytaxt və bölgələrdə tədbirlər keçirib – FOTO

Baxış sayı: 852 dəfə baxılıb.

“İrəli” İB Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar paytaxt və
bölgələrdə tədbirlər keçirib – FOTO

“İrəli” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 31-ci ildönümü
çərçivəsində paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilib.

Baş tutmuş tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvləri faciə
qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı haqqında
gənclərdə məlumatlılığın artırılması, habelə hadisə qurbanlarının yad olunması
məqsədilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində “Keçmişini öyrən,
gələcəyini xilas et” adlı silsilə tədbirlər keçirilib.

Tədbirlər müddətində diqqətə çatdırılıb ki, Xocalı soyqırımı xalqımızın
tarixinə unudulmaz faciə kimi daxil olub. Soyqırımından 31 il ötməsinə
baxmayaraq, təəssüf ki, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə
hüquqi-siyasi qiymət verilməyib. Bildirilib ki, Heydər Əliyev Fondunun
vitse-prezidentiLeyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya
ədalət!” beynəlxalq kampaniyası hazırda qlobal səviyyədə fəaliyyət göstərir və
Azərbaycan həqiqətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və
resurslarından geniş şəkildə istifadə olunur.

Həmçinin paytaxt və regionlarda yerləşən gənclər və idman idarələri və sosial
xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İrəli” İctimai Birliyinin
lentə aldığı “Böyüməyən uşaqlar” filminin nümayişi keçirilib. Filmdə Xocalıda
hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri,
habelə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş
Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yada
salınır. Bildirilib ki, ümumilikdə 50-ə yaxın şəhər və rayonda keçirilən
nümayişlərdə 2 000-dən çox gənc iştirak edib.

Eyni zamanda “İrəli” İctimai Birliyi gənclər, tələbə və könüllü
təşkilatlarının Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı
müraciətə qoşulub. Müraciətdə beynəlxalq ictimaiyyətin diqqəti Xocalı soyqırımı
ilə bağlı faktlara cəlb edilərək çoxsaylı müstəqil beynəlxalq mənbələrə əsasən,
bu soyqırımı aktının 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi
zamanı törədilmiş ən dəhşətli və ağır hərbi cinayət olduğu qeyd edilib,
Ermənistan tərəfinin öz məsuliyyətini tezliklə anlaması və bu hərbi cinayəti
törədənləri məsuliyyətə cəlb etmək istiqamətində əməli tədbirlər görməsinin
qaçılmaz olduğu vurğulanıb.

Habelə tədbirlərin davamı olaraq “İrəli” İctimai Birliyi tərəfindən gənclərə
Xocalı həqiqətlərini aşılamaq məqsədilə teleqram-bot yaradılıb. Azərbaycan, rus
və ingilis dillərində hazırlanan teleqram-botda faciə şahidlərinin həyat
hekayələri, soyqırımın hüquqi-siyasi qiymətləndirilməsi və “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası ilə bağlı məlumatlar yer alıb. Həmçinin botda gənclərin
Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində keçirilən
kampaniyaya necə qoşula biləcəyi haqqında da ətraflı məlumat verilir.

Qeyd edək ki, Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə
çatdırılması məqsədilə birliyin üzvləri sosial şəbəkələrdə də fəal şəkildə
təşkilatlanıblar. 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniyada
gənclər “Twitter” sosial şəbəkəsi üzərindən Xocalı həqiqətləri ilə bağlı xarici
dillərdə məlumatlandırıcı və infoqrafik “twit”lər paylaşılıb.

Source link