96452eb7-f113-4e52-94aa-2b317d87e091..jpg

İrəvan erməni lobbisinə qarşı: Paşinyan hökuməti separatçıları terrorçu sayır – ŞƏRH + FOTO

Baxış sayı: 732 dəfə baxılıb.

İrəvan erməni lobbisinə qarşı: Paşinyan hökuməti separatçıları terrorçu sayır
– ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni lobbisi himayədarlarından pul qoparmaq üçün yeni şouya hazırlaşır.
Yanvarın 27-28-də Avropanın 14 ölkəsində erməni lobbisi aksiyalar keçirmək
niyyətindədir. Aksiyalarda Azərbaycan torpaqlarında terror törətməkdə və
separatçı çağırışlar etməkdə ittiham olunaraq həbs edilən şəxslərin azad
olunması tələbi ilə yanaşı, keçmiş separatçı rejimlə bağlı şüarlar da
səslənəcək. “Aksiyalar” ermənilərin sıx yaşadığı ölkələrin 50-yə yaxın
şəhərində keçiriləcək. Qeyd edək ki, 2023-cü ilin payızında antiterror
tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları
cinayətkar separatçı rejimin keçmiş rəhbərlərini və nümayəndələrini, xüsusilə
Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David
İşxanyan, David Manukyan, Levon Mnatsakanyan, David Babayanı həbs edib. Hazırda
bu şəxslər barələrində məhkəmə prosesinin keçiriləcəyi günü gözləyirlər.

Maraqlıdır ki, bu aksiyanın elan olunmasından dərhal sonra Ermənistan
hakimiyyəti lobbiyə yönəlik bir sıra mesajlarla çıxış edib. Ermənistan
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 8-də verdiyi açıqlamada
Azərbaycanda 23 erməninin saxlanıldığını bildirib və yuxarıda adları çəkilən
separatçıların adlarını belə çəkməyib. “Ümid edirik ki, Azərbaycanla sülh
sazişi imzalanana qədər onların məsələsi həll olunacaq. Onların hamısının
Ermənistana qayıdacağına ümid edirik”, – Qriqoryan Ermənistan İctimai
Televiziyasının efirində bildirib.

Xatırladaq ki, dekabrın 13-də Azərbaycan 32 erməni hərbçini Ermənistana
qaytarıb.

Mübadilə Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan Prezidentinin
Administrasiyası arasında əldə olunan razılaşma nəticəsində mümkün olub.
Şübhəsiz ki, hakimiyyətdə təmsil olunan yüksəkrütbəli şəxsin bu açıqlaması
erməni lobbisində ciddi narazılıq doğuracaq. Onların baş nazir Nikol Paşinyana
qarşı hücumlarının artacağı da şübhəsizdir.

Erməni diasporunun aktivləşməsinə gəlincə, bunun səbəbləri müxtəlifdir və ilk
yerdə onun nüfuzunun getdikcə azalmasıdır. ABŞ-dəki erməni lobbisinin
sıralarında artıq analoji problemlər açıq hiss olunur. Məlumatlara görə, bu
ölkədə fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi (ANKA) beynəlxalq
nüfuzunu və tərəfdaşlarını itirə-itirə gedir. Təşkilatın sponsorları bir-bir
ona dəstək verməkdən imtina edir, ABŞ və Avropadakı tərəfdaşları da artıq belə
bir addım atıblar.

İkinci bir məsələ ondan ibarətdir ki, aksiyalar Ermənistan hakimiyyəti ilə
razılaşdırılmayıb. Rəsmi İrəvanın bu aksiyalara dəstək verdiyi barədə
məlumatlar yoxdur. Erməni lobbisinin bütün fəaliyyəti isə bəllidir. Yarandığı
gündən ancaq fövqəldövlətlərin maraqlarını ifadə edib, terror sifarişlərini
həyata keçirib. Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl olmaq
sifarişi də məhz həmin dövlətlərdən, beynəlxalq təşkilatlardan gəlir. Bu da
faktdır. Məsələn, Ermənistan hakimiyyəti indiyə qədər Bakı həbsxanalarında
məhkəmə qərarlarını gözləyən şəxslərlə bağlı hər hansı bir irad və tələb irəli
sürmədiyi halda, lobbinin belə təşəbbüsü aksiyaların əsl mahiyyətini ortaya
qoyur. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, bu şəxslərlə bağlı
aksiyaların keçirilməsi Azərbaycana qarşı təzyiq göstərməyə hesablanıb. Erməni
lobbisi və onun havadarları anlamaq istəmirlər ki, separatçılıqda ittiham
olunan şəxslərin taleyini Azərbaycan rəhbərliyi həll edəcək. Heç bir təzyiq də
ona təsir edə bilməz.

Qeyd edək ki, erməni lobbisinin aksiya təşəbbüslərindən əvvəl də Avropanın bir
sıra siyasətçiləri, hətta Parisin ermənipərəst meri Ann İdalqo da həbsdə olan
erməni separatçıların azad olunması çağırışı ediblər. Onunla yanaşı, Beynəlxalq
Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo da bu sırada
olub. Bu şəxsi 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin
bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma
quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben
Vardanyanla dostluq birləşdirib. Luis Moreno Okampo həm də bir neçə il əvvəl
korrupsiya və cinsi təqibdə ittiham olunub. İndi də onun erməni kampaniyasının
önündə getməsi də təsadüfi deyil. Vaxtilə Arayik məhz Okampodan Qarabağdakı
vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da
tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat
dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı
yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu.

Beləliklə, erməni lobbisinin “dəstək aksiyası” şousunun hədəfi bəllidir. Lobbi
soydaşları arasında nüfuzunu itirməsi ilə yanaşı, hər il Qarabağa yardım adı
altında keçirilən xeyriyyə marafonlarında qazandığı milyardlarla dollar
vəsaitdən məhrum olub. Bununla da barışmaq istəmir. Ona görə də belə şoular
düzəltməyə çalışır və gələcəkdə də bu tip aksiyaların sayının artacağını
gözləmək olar.

“Report” İnformasiya Agentliyi

Source link