İrəvanda səfərdə olan Lavrovdan Qarabağ açıqlaması

İrəvanda səfərdə olan Lavrovdan Qarabağ açıqlaması

Baxış sayı: 2. 269 dəfə baxılıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağda dinc həyatın qurulması üçün aparılan prosesləri siyasiləşdirməməyə çağırış edib.

TASS-ın məlumatına görə, Rusiya XİN rəhbəri bu sözləri İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“İndi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur. Proses kifayət qədər çətin gedir, çünki bu regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başa düşülən şeylərdir”, – deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, sözügedən məsələləri sonraya saxlayıb, əvvəlcə siyasi diskusiyalarla məşğul olmağa cəhd edənlər bütün prosesi alt-üst edir.

“İnsanlar – həm azərbaycanlılar, həm də ermənilər uzun onillər və yüzillər ərzində bir-biri ilə yaşadığı kimi normal yaşamağa başlayanda – siyasi məsələləri həll etmək daha asan olur”, – deyə Rusiya XİN rəhbəri deyib.

O, bölgədəki iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu tərəfindən regiondakı vəziyyətin normallaşmasına mühüm töhfə verildiyini də qeyd edib.

“Bu işin uğuru ümumi vəziyyəti normallaşdırmaq və münaqişədən sonrakı dövrdə konstruktiv əməkdaşlıq qurmaq üçün lazımi şəraitin yaradılmasında həlledici olacaq”, – deyə S.Lavrov vurğulayıb.

S.Lavrov həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin ilk növbədə etimad mühitinin yaradılmasına kömək üçün gələcək fəaliyyətlərinin zəruriliyini vurğulayıb.