İradə Aşumovanın oğlu Olimpiadaya vəsiqə qazanıb

Baxış sayı: 2. 403 dəfə baxılıb.

İradə Aşumovanın oğlu Olimpiadaya vəsiqə qazanıb

12-23 sentyabrda İtaliyanın Bolonya şəhərində 25/50 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, 20-dən çox ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya Kubokunun üçüncüsü Ruslan Lunyov təmsil edib. 

2004-cü il Afina Olimpiadasının 25 metr məsafəyə atışda bürünc mükafatçısı İradə Aşumovanın oğlu Ruslan Lunyov əvvəlcə Olimpiadaya vəsiqə qazanıb. O, güllə atıcılığının 25 metr məsafəyə beş hədəfə atışında 580 xal toplayaraq V yerə layiq görülüb və Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan altı idmançıdan biri olub.

Bir gün sonra idmançımız kiçik çaplı tapançadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə I yerə layiq görülüb və Avropa çempionu olub.

Qeyd edək, bu, Azərbaycanın Tokio Olimpiadasına qazandığı yeddinci lisenziyadır. Daha əvvəl sərbəst güləşçi Şərif Şərifov (-97 kq), qadın güləşçi Mariya Stadnik (-50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də, bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.  

Səbuhi Musayev