a5b5751d-c5fc-45b5-9873-30b9c55f4feb..jpg

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi” – “Kaspi”nin ŞƏRHİ + FOTO

Baxış sayı: 767 dəfə baxılıb.

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi” – “Kaspi”nin ŞƏRHİ
+ FOTO

Fars molla rejimi müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən
münasibəti bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb.
Müxtəlif dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. İndi
həmin şəbəkədən dövlətimizə qarşı istifadə etmək planları var.

İran qonşu ölkələrə qarşı heç vaxt dürüst davranmayıb və yeri gəldikdə
müxtəlif yollarla onlara təsir etmək niyyətini açıq şəkildə göstərib. Bu
siyasət Azərbaycana münasibətdə də həmişə hiss olunub. Fars molla rejimi
müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən münasibəti
bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb. Müxtəlif
dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. Bu işlər
“müsəlman qardaş”, “yaxın qonşu” maskası arxasında edilib. Xeyli sayda
Azərbaycan vətəndaşı da bu tələyə düşüb, İran maraqlarının təmsilçisinə
çevrilib. Elə sosial şəbəkələri izləməklə də bunu hiss etmək mümkündür.

İkinci Qarabağ müharibəsində və ondan sonra baş verənlər artıq İranın bu
maskalarının hamısının cırılması, iç üzünün açılması ilə nəticələnib. Hamımız
Vətən müharibəsi dövründə və ondan sonra İranın işğalçı Ermənistanın yanında
olduğunu aydın şəkildə gördük. Buna görə də Azərbaycanla İran arasında
diplomatik münasibətlər getdikcə gərginləşməyə başlayıb. Sonda İranın molla
rejimi “çıxış yolu”nu terrorda görüb. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı
təşkil edilən xain terror hücumu nəticəsində bir zabitimiz şəhid olub, iki
nəfər yaralanıb.

Yırtıcı mahiyyət daşıyan İran rejimi paralel olaraq özünün Azərbaycanda
vaxtilə formalaşdırdığı şəbəkəni aktivləşdirməyə çalışıb. Təbii ki, bunun
qarşısı alınmalı idi və artıq bu proses başlayıb. Ötən həftə boyu Azərbaycanın
hüquq-mühafizə orqanları tərəfindən İranın Azərbaycandakı casus şəbəkəsinə
qarşı müxtəlif əməliyyatlar keçirilib. Son bir neçə gündə Daxili İşlər
Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyatda 39 nəfər saxlanılıb.
Saxlanılanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz”
telekanalının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

Azərbaycan cəmiyyəti də bu casus şəbəkələrinin aşkar olunması və
zərərsizləşdirilməsi istiqamətində atılan addımları dəstəkləyir.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin yazısını təqdim edirik:

“Vətəndaşlarımız daim ayıq-sayıq olmalıdırlar”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı,
təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, İran xüsusi
xidmət orqanlarının Tehranda törətdiyi cinayət birmənalı şəkildə terror
hadisəsi idi:

“Avtomat və digər vasitələrlə silahlanmış bir terrorçunun Azərbaycanın
İrandakı səfirliyinə hücumu və nəticədə bir əməkdaşın şəhid edilməsi birmənalı
şəkildə İranın Azərbaycana qarşı münasibətidir və gərginliyin pik həddə
çatdırılmasıdır”.

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi”

A.Nağıyev vurğulayıb ki, hələ 90-cı illərin ortalarında İran Azərbaycanda
islam rejiminin yaradılması istiqamətində çalışıb:

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi. Eyni zamanda, 140
kilometrlik sərhəd bağlandı, hansı ki, bu nəzarətsiz zonadan öz maraqları üçün
yararlanırdı. Azərbaycanın öz sərhədlərində nəzarəti bərpa etməsi ilə bu
zonadan narkotik vasitələrin keçirilməsinin qarşısı alındı. İran bu gün də
çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. İran Azərbaycanın
nüfuzunun artmasından qorxduğundan, yürütdüyü müstəqil siyasətdən çəkindiyindən
bu hərəkətləri edir. Son günlər din adı ilə pərdələnmiş agentlərə qarşı
hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar, casus şəbəkəsinə
aid şəxslərin həbsləri bəzi məqamları ortaya qoymuş oldu. Onlar Azərbaycan
haqqında məlumatların toplanması və İrana göndərilməsi ilə məşğul olublar.
Burada Tehrandan gələn tapşırıqların icrası ilə gərginlik yaratmağa çalışıblar.
Lakin onlar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda tam şəkildə
əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycanın xarici və daxili siyasəti
dönməzdir. Burada ölkəmizin ərazi bütövlüyü, suverenliyi, hər bir vətəndaşın
rifahı əsas meyardır. Bu durumda vətəndaşlarımız da daim ayıq-sayıq olmalı və
düşmənin məkrli niyyətinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına
dəstək verməlidirlər”.

“Bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır”

Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, Azərbaycanda İrana məxsus casus
şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi üçün atılan addımlar çox
önəmlidir:

“Çünki İran Azərbaycanda böyük bir şəbəkə yaradıb. Bu şəbəkə irançılığı,
farsçılığı təbliğ edir və gənclərimizin beyinlərini yumağa çalışır. Ona görə də
hüquq-mühafizə orqanlarının bu cür əməliyyatlar keçirmələri önəmlidir. Dövlət
qurumlarının da bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Hesab edirəm ki,
bizim bu istiqamətdəki fəaliyyətimiz davamlı xarakter almalı və bu məsələ
birdəfəlik, kökündən həll olunmalıdır”.

“Əgər bu gün bunu etməsək…”

C.Məmmədov qeyd edib ki, İran qurduğu şəbəkələr vasitəsi ilə Azərbaycan
əleyhinə təbliğat aparmağa çalışır:

“Təbii ki, onların əsas hədəfi və məqsədi Azərbaycan dövlətini zəiflətmək və
yıxmaqdır. Bu baxımdan, dövlət qurumlarımızın üzərinə böyük bir vəzifə düşür.
Biz bu təxribatların qarşısını çox qətiyyətlə almalıyıq ki, dövlətimizin
təhlükəsizliyini, müstəqilliyini və suverenliyini ən yüksək formada qoruyaq.
Əgər bu gün bunu etməsək, növbəti mərhələdə bizi çox ciddi problemlər,
çətinliklər gözləyə bilər. Ona görə də casus şəbəkələrinin ifşası və
zərərsizləşdirilməsi istiqamətində işləri davam etdirməliyik”.

Source link