f91f4c12-6ff8-491f-8809-cedfa7b49fd6.jpg

İran Aviasiya Təşkilatı: “Türk dilində danışmaq qadağandır”

Baxış sayı: 262 dəfə baxılıb.

İran Aviasiya Təşkilatı ölkədəki aviaşirkətlərə Azərbaycan dilində salamlama
və anonsların qadağan olunması ilə bağlı qərar verib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə qurumun sözçüsü
Cəfər Yazərlu bəyan edib.

Bildirilir ki, o, Şərqi Azərbaycana məxsus “ATA” aviaşirkətinin təyyarə
bələdçisinin “xoş gəldiniz” anonsunun türk dilində səsləndirməsində heç bir
xüsusi niyyət olmadığını açıqlayıb.

“Bundan sonra hər hansı anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları
Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa
heç bir dildə sərnişinlərə “xoş gəlmişsiniz” deyilməməli, qeyd olunan iki
dildən başqa hər hansı bir dildə qonaqlar qarşılanmamalıdırlar”, – deyə Cəfər
Yazərlu vurğulayıb.

Onun sözlərinə görə, təyyarə bələdçisinin bu ifadəsinin sosial şəbəkələrdə
paylaşılması bir sıra tənqidlərlə qarşılanıb.

Qeyd edək ki, videonu paylaşan “ATA” aviaşirkətinin sahibi güneyli Məhəmmədrza
Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri “xoş
gəldin” ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq
aktı olmasını iddia edənləri tənqid edib.

O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə
işıqlandırılmasına toxunaraq deyib: “Separatçı sizsiniz və sizin əcdadınızdır.
Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə
yanaşı, türk dilində də “xoş gəldiniz” deyilsin. Bunun harası separatçılıqdır,
konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun
və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz
şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?”, – deyə
Zunuzi əlavə edib.

Source link