2fb427f6-56fe-4122-998b-b21964f6e88a..jpg

İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb – TƏHLİL

Baxış sayı: 585 dəfə baxılıb.

İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Dəməşqdə yerləşən İran konsulluğuna qarşı əməliyyatı iki dövlət
arasındakı birbaşa mübarizəni tətikləyir.

İran yeddi SEPAH əməkdaşının həlak olduğu hərbi əməliyyatlara görə İsrailə
qarşı qisas vəd edir. Həmin vədlər İranın cari strategiyasının kritik tərkib
hissəsi kimi görünür.

Yəni İran bu dəfə regional münaqişələrdə artıq vəkil qüvvələri ilə deyil, daha
çox birbaşa iştirak etməyi öhdəlik kimi nümayiş etdirir.

Bir sözlə, İsraillə İranın bir-birinə qarşı çoxdankı strategiyaları
dəyişməyib. İranın “qisas əməliyyatları”nı həyata keçirmək çətinləşsə də, o,
bunun öhdəsindən gəlmək üçün əlindən gələni edəcək.

Hələlik İranın İsrailin diplomatik korpuslarına qarşı intensivləşə biləcək
mümkün aqressiv əməliyyatları Tehranın gündəmində ağırlıq təşkil edir.

Bunu İranın ali dini rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri general Yəhya
Rəhim Səfəvinin dilindən səslənən təhdidlərdə aşkar şəkildə görmək mümkündür.

Bununla belə, İran özü də daxil olmaqla, onun regiondakı proksi qrupları,
rejimin daxili tərəfdarları İsrailə qarşı genişmiqyaslı əməliyyatlarda tərəddüd
içərisindədirlər.

Hərçənd, SEPAH və onun media orqanları İsrailə qarşı müharibə və çevik
reaksiya üçün səslərini ucaldırlar, amma İranda konkret ölçülü bir yanaşmanın
tərəfdarı olanlar da az deyil. Onlar İsrailə qarşı zərbələrin İranı birbaşa
münaqişəyə sürükləmək üçün tələ ola biləcəyi barədə xəbərdarlıq edirlər. İranın
bu istiqamətdəki ümumi narahatlıqlarını beş izahda göstərə bilərik.

Birincisi, İran İsraillə birbaşa münaqişəyə girməkdən yayınır və regional
eskalasiyaya girə bilmək qorxusunu yaşayır.

İkincisi, İran İsrailin kritik infrastrukturlarına qarşı hər hansı effektiv
zərbələr endirə bilmir.

Üçüncüsü, İsrail ötən ilin dekabr ayından bəri 18 yüksəkrütbəli SEPAH
zabitinin ölümünə səbəb olub ki, bu tendensiya İslam Respublikasını
çaşqınlıqlara salır.

Dördüncüsü, İranda daxili vəziyyət stabil deyil, həm saray intriqaları, həm də
ölkədə tüğyan edən iqtisadi-sosial problemlər Tehranı ehtiyatlı mövqeyə dəvət
edir.

Beşincisi, Tehranın qisası üçün digər mühüm maneə – İranın qeyri-məhsuldar
kəşfiyyat məlumatları fonunda İsrailin Yaxın Şərqdəki hərəkətlərinin
yüksəlməsidir.

Hərçənd, İran da Yaxın Şərqdə himayəsində olan qeyri-dövlət aktorları
vasitəsilə İsrailin hücum və müdafiə qabiliyyətini zəiflətmək əməliyyatlarına
başlamağı hədəfləməmiş deyil.

İranın bu məqsədlə Yaxın Şərqdə hər tərəfdən topladığı qüvvələr silsiləsi
İsrail üçün ciddi siqnal sayıla bilər.

Lakin məsələ burasındadır ki, İsrail öz müdafiəsini təmin edəcək güclü
kəşfiyyat məlumatlarına sahib olmaq bacarığını əlində saxlayır.

Düzdür, HƏMAS-ın İsrailə hücumundan sonra İsrailin kəşfiyyat orqanları ilə
əlaqədar bəzi miflər dağılsa da, ümumilikdə Təl-Əvivin rəqibi qarşısında böyük
üstünlüklərə malik olduğu şübhəli görünmür.

PROQNOZLAR

İranın Yaxın Şərqdəki maraqları süquta uğramayacaq, amma o, İsrailin nüfuz
dairəsində olan arenalarda fəaliyyət göstərməkdə çətinlik çəkməyə davam edəcək.

İran qisas üçün uyğun hədəf tapmaq səylərini davam etdirəcək. İsrailin isə
İrana daha böyük zərbələr endirmək üçün yeni qiymətləndirmələri əməli müstəvidə
icra oluna bilər.

Aqşin Kərimov

Source link