“Müharibədə qalib gəlmək üçün əvvəlcədən zəmin formalaşmalıdır. Buna rəqib
haqqında strateji məlumatların əldə olunması, əsas güc mərkəzlərinin harada
yerləşməsi, silah növləri və onların hansı şəraitdə istifadə olunması, bu
silahlarla bağlı strateji planın olub-olmaması, taktiki gedişlər və s. aiddir.
Yəni faktiki olaraq, düşmənə qalib gəlmək üçün ilk növbədə onun haqqında tam
məlumatlı olmalısan”.
Bunu Cixisyolu.com-a müsahibəsində İran-İsrail qarşıdurmasını şərh edən politoloq
Tofiq Abbasov deyib. O, hətta İsrail dövləti yaranmamışdan əvvəl də onun
şəbəkələrinin işlədiyini bildirib:
“Çünki artıq bu barədə düşünmüşdülər ki, öz məqsədlərinə çatmaq üçün qarşı
tərəflər haqqında dolğun məlumatlar olmalıdır ki, manevr imkanlarını hansı
formada realizə edəcəklərinə qərar versinlər. Prinsip etibarilə bu gediş özünü
doğrultdu. Çünki Böyük Britaniya Yaxın Şərq üzrə mandat sahibi olan zaman
Fələstin bölgəsi yəhudilərin nəzarətində idi və İkinci Dünya müharibəsinə qədər
artıq bölgə uğrunda ingilislərlə yəhudilər arasında gərgin münasibətlər
formalaşmışdı. Bu gün də İsrail elə qeyri-adi dövlətdir ki, ətrafını tamamilə
düşmənləri əhatə edir, amma ciddi nəticə yoxdur. Sadəcə, İsrail dövlətinin bir
çatışmazlığı var ki, o da bir neçə dəfə ərəblərlə apardığı müharibələrdə əldə
etdiyi qələbələrin heç birini sülh potensialına transfer etməyi özünə borc
bilməməsidir. Əksinə, nə qədər lazım olsa, o qədər vuruşacağını deyib.
– İsrail və İran daha çox kimə və nəyə arxayındırlar?
– İsrailin arxasında həm Amerika Birləşmiş Ştatları var ki, istər maddi, istər
silah, istərsə də texnologiya baxımından ona dəstək verir, həm də casus
şəbəkəsi, kəşfiyyat orqanları güclü işləyirlər. Buna görə də istənilən qüvvənin
nəfəsini kəsməyə hazır olduğunu bəyan edir. Məsələn, İsrailin sabiq baş naziri
Ariel Şarondan soruşmuşdular ki, qələbə qazanmaq baxımından şanslıdırlar, amma
içində olduqları davamlı qarşıdurma nə vaxta qədər davam edəcək? O belə bir
cavab vermişdi ki, İsrailin inkişafı birinci məğlubiyyətinə qədər olacaq. Əlavə
etmişdi ki, İsrail məğlub ola bilər, amma onda özü dünya xəritəsindən yox ola
bilər.
Həmçinin, İranın da özünəməxsus üstünlükləri var. Buna da casus şəbəkəsi və
texnoloji üstünlüklər aiddir, lakin o nə dərəcədə İranın strateji hədəfinə
yararlı olacaq – bu, artıq ikinci məsələdir. Ancaq İsrail öz yığcam imkanları
nöqteyi-nəzərindən, yəqin ki, İran haqqında kifayət qədər məlumat toplayıb ki,
ona təsirli və həssas zərbələr endirsin. Hazırda isə İran-İsrail qarşıdurması
özünün ən pik nöqtəsindədir.
– Sizcə, tərəflərin əsas məqsədi nədir?
– İsrailin məqsədi, ilk növbədə, İranın nüvə proqramını, raket sisteminin
hamısını məhv etməkdən ibarətdir. Ona görə də İran cəmiyyətinə genişspektrli
casus şəbəkəsi yeridib və həqiqətən də, faydalılıq əmsalı ilə fəaliyyət
göstərir. Lakin bir məsələ də var ki, İran da bir çox göstəricilərinə görə
İsraili üstələyir.
– Əgər birbaşa toqquşmalar olsa, nəticə necə ola bilər?
– Birbaşa toqquşmalar olsa, İsrailin vəzifəsi çox çətin görünür. Çünki İran,
həqiqətən də, güclü dövlətdir. İsrail ən yaxşı halda İranın nüvə obyektlərinin
dağıdılmasına nail ola bilər ki, bunun üçün də təyyarələrinin İran əraziləri
üzərindən maneəsiz uçması lazımdır. İran da bütün qonşularını bununla bağlı
xəbərdar edib.
Düzdür, İsrail indi İrana psixoloji təsir göstərir ki, Tehranı daxildən
parçalasalar belə, xəbəri olmayacaq, necə ki olmur. Amma İran nə dərəcədə bu
planın qarşısında zəifdir – onu birbaşa qarşıdurma başlasa, görə biləcəyik.
Çünki məxfilik baxımından İsrail kəşfiyyat strukturları heç vaxt iş baş tutana
qədər səslərini çıxarmırlar. Bu baxımdan, hesab edirəm ki, İsrail indi daha
hazırlıqlıdır, baxmayaraq ki, o, bir neçə cəbhədə vuruşur. Amma bir neçə
cəbhədə vuruşmaq da İsraili tükədir. Çünki İsrail təyyarələri gecə-gündüz
havadan zərbələr endirir, eyni zamanda, “Hizbullah” və HƏMAS da İsrailə hücum
edirlər. Bütün bunların hamısını nəzərə alanda belə bir qənaətə gəlmək olar ki,
İranla İsrail arasında müharibə olmasa, daha yaxşı olar, çünki əks halda bütün
bölgə bundan zərər çəkəcək.
– Bu o deməkdir ki, müharibə həm də iqtisadi əsaslarla aparılır və iqtisadi
təsirləri də qaçılmaz olur. Bəs bu günə qədər hansı tərəfin zərəri daha çox
olub və olacaq?
– Aprel ayında İranın İsrailə ilk hücumu zamanı 60-70 milyon xərci çıxmışdısa,
İsrailin xərci 1.5 milyard civarında olmuşdu.
– Bu kontekstdə başqa hansı amilləri nəzərə almaq lazımdır?
– Burada həm də medianın rolunu qeyd etmək lazımdır. Çünki media da
özünəməxsus piar effektləri ilə məşğuldur. Nəzərə alsaq ki, dünyanın əksər
populyar və geniş auditoriyaya məxsus media resursları dünya yəhudilərinin, o
cümlədən də İsrail dövlətinin idarəsindədir, deməli, burada İsrail daha güclü
görünür. Amma bu o demək deyil ki, müharibə başlayanda İsrail birmənalı şəkildə
qalib gələcək və ya İran İsrailə elə bir zərbə vura bilər ki, İsrail dövlətinin
mövcudluğu artıq gündəmə gəlsin. Çünki həm İran, həm də yəhudi diplomatiyasının
(İsrail dövlətinin xarici vektorlarını müəyyən edən həm də dünya yəhudiliyidir
ki, onlar da bir neçə vacib paytaxtda fəaliyyət göstərirlər), onların ümumi
kollektiv yanaşması necə olacaq, əsas məsələ budur. Hər halda vəziyyət çox
təhlükəlidir.
Mərahim Nəsib