İran Moskvaya Vaşinqtona təzyiq aləti kimi lazımdır – MÜSAHİBƏ

Baxış sayı: 4. 978 dəfə baxılıb.

Rusiya və İranın Suriya münaqişəsinin nizamlanması məsələsində müttəfiq olmalarına rəğmən, bu iki ölkənin münasibətlərində çoxsaylı ziddiyyətlər var. Heç kimə sirr deyil ki, Tehranın Suriyada hərbi iştirakı müəyyən mənada Moskvaya maneçilik törədir. Sonuncu Suriyaya təkbaşına nəzarət etmək istəyərdi.

Ancaq iranlıların Rusiyanın bu regiona gəlişindən çox daha əvvəllər döyüşdüyü faktını nəzərə alsaq, Moskva İranın hərbi iştirakını aradan qaldıra bilməyəcək. Ancaq bu gün ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ölkənin sabitliyinə ağır zərbə vurub, ona görə də geosiyasi şərait kəskin şəkildə dəyişməkdədir.

Rusiya ilə İran arasında münasibətlərin hansı şəkildə inkişaf etdiyi, Suriyada hansı proseslərin getdiyi barədə ÇıxışYolu.Com-a verdiyi müsahibədə iranşünas, Yaxın Şərq üzrə ekspert İqor Pankratenko daha ətraflı danışıb.

– KİV-də xəbər yayılıb ki, Rusiya İrana beş milyard dollar kredit ayırıb. Sizə elə gəlmirmi ki, Rusiya bununla bir növ Suriyada tərəflər arasında yaranan ziddiyətlərə görə fidyə verməyə çalışır?

– Düşünmürəm. Əslində, bu situasiyada iki fərqli məsələni bir-birinə qatmaq düzgün deyil. İlk növbədə kredit məsələsində heç də hər şey aydın deyil. Onunla bağlı informasiya ziddiyyətlidir; həm kreditin məbləği, həm də onun təyinatı baxımından.

Optimistlər əmin edir ki, kreditin hesabına Putin və Ruhaninin hələ 2015-ci ildə Tehranda razılaşdırdığı energetika və dəmiryolu nəqliyyatı sahəsinə aid 35 prioritet layihə maliyyələşdiriləcək (həmin vaxt məhz bu məbləğdən söhbət gedirdi).  

Realistlər isə ayrılan kreditlə İranın Rusiyadan buğda alacağını iddia edir. Sonradan buğdadan İranın müəssisələrində un hazırlanacaq və İraq və Əfqanıstana ixrac olunacaq. Sözügedən ölkələr İranla hesablaşdıqdan sonra sonuncu aldığı borcu qaytaracaq.

Moskvada hesab edirlər ki, Tehran 37 milyon ton buğda alacaq. Bunun üçün Rusiya İrana kredit xətti açmağa hazırdır. Gözləyək, görək bu sazişin konkret məbləği ilin sonunda nə qədər göstəriləcək.

– Belə bir fikir var ki, İran Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olacaq. AİB-in mahiyyətcə, iqtisadi baxımdan kifayət qədər səmərəsiz olduğunu nəzərə alsaq, “ölü” bir təşkilata üzv olmaq İranın nəyinə lazımdır?

 – “Ölü” adlandırdığınız AİB bir “ölü” üçün özünü kifayət qədər “canlı” aparır. Əlbəttə ki, bu, o qədər də uğurlu olmayan iqtisadiyyat fonunda aktiv fəaliyyətin imitasiyası kimi qələmə verilə bilər. B

ir məsələni xatırlatmağı unutdunuz. İrana qarşı sanksiyaları nəzərdə tuturam. AİB-in bu sanksiyalara məhəl qoymayacağını və Tehranla iqtisadi-ticari əməkdaşlığın hər hansı maneəsiz inkişaf edəcəyini təsəvvür etmək çox çətindir. Qorxuram hər şey tam əksinə olacaq.

“Bu, İranın nəyinə lazımdır?” sualına gəlincə… Burada iqtisadiyyat yox, xalis siyasət önəm kəsb edir. Ruhani hazırda bütün dünyaya nümayiş etdirmək istəyir ki, İran heç də təcrid olmayıb. Bu “siyasi sağqalma” aspektindən Ruhani üçün prinsipial məsələdir. İslam Respublikasını təcrid etmək planları isə ard-arda uğursuzluğa düçar olur; gah Avropada, gah da “Avrasiya məkanında”. 

Buradan belə bir nəticə çıxarmaq olar ki, indiki şəraitdə Tehran üçün belə strukturlara (istənilən şəkildə – “müqəvva” və ya “cəmdək” qismində) üzv olmaq, həqiqətən, prinsipial xarakter daşıyır, bu üzvlükdən əldə edəcəyi iqtisadi faydaların cüzi olmasına belə göz yummağa hazırdır.

Belə götürəndə, heç də pis siyasət sayıla bilməz. Çünki dünyada hər şey dəyişir. Bu gün qeyri-effektiv görünən bir şey sabah fərqli şəkildə təzahür edə bilər. Ancaq bu, dəqiq deyil …

– Sizə elə gəlmirmi ki, Rusiya məsələni ABŞ-la öz arasında həll etmək üçün İranı Suriyadan sıxışdırıb-çıxarmağa çalışır? Yeri gəlmişkən, belə bir format İsrailə də maraqlı ola bilər.

– İranın Suriyadakı iştirakının, üstəlik, hazırda müşahidə olunan formalarda bu iştirakını gücləndirməsinin Moskvanı qıcıqlandırdığı danılmazdır. Bu, heç bir şübhə doğurmur.

İsrailin maraqlarını, daha dəqiq desək, İsrailin narahatlıqlarını Moskva birinci dərəcəli faktor kimi nəzərə alır. Bu barədə rusiyalı diplomatlar çox açıq, hətta deyərdim ki, həddindən artıq açıq danışırlar.

Moskva Suriyadakı nisbi nailiyyətləri – yəni Əsədin hakimiyyətdə saxlanılması və Dəməşqin Suriya torpaqlarının böyük hissəsi üzərində nəzarəti bərpa etməsini – özününküləşdirməyi çox istərdi. Ancaq təsəvvür edin, belə bir vəziyyətdə iranlılar öz tələbləri, maraqları və ambisiyaları ilə bütün mənzərəni pozurlar, “kartları” səhv salırlar, savaşdıqlarını əsas gətirərək, “piroq”dan onlara da payın düşdüyünü bildirirlər. Razılaşın ki, qıcıqlandırır. Elə deyilmi?

Bu isə əks tədbirlərə yol açır. Ancaq hələlik elə də aktiv vüsət almayıb. Dəməşqə və ya konkret şəxslərə nəzarət uğrunda mübarizə gizli çarpışma və amansız intriqa səviyyəsində gedir. Birbaşa qarşıdurmalardan qaçmağa çalışırlar. Bu hərəkətləri ilə Vaşinqtonun diqqətini cəlb etməyə ümid etdiklərini demək mübahisəli məsələdir. 

Yox, əlbəttə ki, belə bir hal mövcuddur. Ancaq gündəmi zəbt edən məsələ deyil. Bu dəqiqə Moskva üçün daha vacib olanı Əsədin nəzarətində olan Suriya əraziləri ilə Ərəb Liqası ölkələrini maraqlandırmaq, bu təşkilatın ölkəyə qayıtmasına nail olmaqdır. Hazırda rusiyalı diplomatlar bu məsələnin aktiv şəkildə təbliğatı ilə məşğuldurlar. Aydın görünür ki, İran bu gedişatlarda artıq olan tərəfdir.

– Rusiya ilə İranı müttəfiq adlandırmaq olmaz, bu, aydın məsələdir.  Elə çıxır ki, Moskva mövcud şəraitdə İranı ABŞ-la başabaş qoymağa çalışır?

– Xeyr, heç də elə deyil. Bu, problemə çox səthi bir baxışdır. Moskvanın Tehranla münasibətlərə  Vaşinqtonda təzyiq aləti qismində ehtiyacı var. Bir müddət əvvəl o, bu partiyanı oynamağa çalışdı, ancaq bir sıra səbəblərə görə bunu o qədər də aktual məsələ hesab etmir. Ona görə də bir qədər fərqli taktikanı işə saldı. Yəni Vaşinqtonu Tehranla bağlı hər şeyin qıcıqlandırdığını bildiyinə görə vaxtaşırı, olduqca səliqəli şəkildə oda yağ tökür, lazım olan aksentləri gücləndirir, lazım olanda çoxmənalı şəkildə susur və s.

Müşahidəçilərin müəyyən hissəsi aldanır. Beləcə, KİV-də Tehran-Moskva birliyi, müştərək planlar və s. haqqında ağızdolusu materiallar, məqalələr dərc olunur.

Anlamaq lazımdır ki, bir sıra ciddi səbəblərə görə, Rusiya və İran arasında “qırmızı xətt” mövcuddur. Ağ Evlə münasibətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq, Kreml bu xətti heç vaxt, heç bir halda keçməyəcək.

Moskva və İran arasında hazırda hər hansı ciddi tərəfdaşlıq münasibətlərindən (qaldı ki, müttəfiq münasibətlərindən) söz gedə bilməz. Rusiya rəhbərliyinə bu, heç lazım da deyil. Üstəlik, belə münasibətlər zərərli və təhlükəlidir. 

Kremlin heç bir ciddi “İran keysi” yoxdur. Bir məsələni də anlamaq vacibdir ki, “strateji tərəfdaşlıq” və digər “gözəlliklər” haqqında söhbətlər, qısaömürlü intriqa, içi puç olan ritorikadan başqa bir şey deyil və həqiqətə heç bir aidiyyəti yoxdur.