Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə İran İslam Şurası Məclisinin
sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.
Cixisyolu.com xəbər verir ki, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla
münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
M.Qalibaf bildirib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və
onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər. O, İranın yeni
seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir
dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da
genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.
Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da
gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə
inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional
kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri
“3+3” formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
S.Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri
bölüşdüklərini qeyd edib, ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə
əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli
formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin
əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə
çatdırıb.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin,
əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər
siyasət həyata keçirir.
Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edilib ki, bu il hər iki ölkədə parlament seçkiləri keçirilib. Azərbaycan
və İran parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni
tərkibləri formalaşdırılıb. Qanunverici orqanlarımızın bir sıra beynəlxalq
parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud
olduğu diqqətə çatdırılıb.
Görüşdə cari ilin noyabrında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament
Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim
dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin
əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.
13:40
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran parlamentinin sədri
Məhəmməd Baqer Qalibaf arasında görüş olub.
Cixisyolu.com bu barədə İranın “Tasnim” agentliyinə istinadən xəbər verib.
Qeyd olunur ki, görüş Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu
Assambleyası çərçivəsində baş tutub.