İran səfirinin saxtakarlığı: Xülyadan ayılmayan erməni lobbisinin oxşarı –
TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Ermənistan-Azərbaycan
münasibətlərinə yersiz müdaxilə edib.
Bu ilin fevralında o, ermənisayaq mövqe tutaraq Ermənistana Hindistan
silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran
Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll
yollarının tərəfdarıdır: “Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin
tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək
etməyə hazırıq”.
O, Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə
qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini
vurğulamışdı.
Səfir Sübhani avtomobil yolları ilə bağlı məsələyə münasibət bildirərək
demişdi ki, yollar ölkənin suverenliyi altında olmalıdır.
O, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki
müşahidə missiyasının yerləşməsinə qarşı heç vaxt mənfi münasibət bildirməyib.
Habelə, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri
Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında
aprelin 5-də keçirilən üçtərəfli görüşlə bağlı da açıqlama yaymayıb.
Bununla belə, o, birmənalı olaraq Ermənistanın silahlanması kimi məsələlərdə
rəsmi İrəvanı müdafiə edib. Bunun üçün bir çox hallarda İrəvanın özündən də çox
canfəşanlıq göstərib. Yuxarıda göstərdiyimiz örnək bunu təsdiqləyir.
Mehdi Sübhani regional münasibətləri və vəziyyəti nəzərə almadan verdiyi
şərhlər və açıqlamalarla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesinə qarşı çıxır, başqa sözlə, təxribatla məşğul olur.
Mehdi Sübhani jurnalistlərə deyib: “İran tərəfinin mövqeyi budur ki,
Ermənistanla Azərbaycan arasında sərhədin bu şəkildə demarkasiyası Ermənistan
və Gürcüstan arasındakı hökumətlərarası marşruta (Əskipara kəndi yaxınlığındakı
hissə, İran yüklərinin də keçdiyi hissə) təsir göstərə bilər”.
Aprelin 20-dən Ermənistan Azərbaycanın işğal altında saxladığı dörd kəndini
geri qaytarır. Aşağı Əskipara kəndi yaxınlığından Ermənistan-Gürcüstan
avtomobil magistralı da keçir. Səfir bu yolun Azərbaycana aid olduğunu bilsə
də, deyib: “Bizə verilən məlumata görə, beynəlxalq avtomobil yolu hissəsi
Azərbaycan Respublikası ilə delimitasiya sazişlərinə daxil deyil”.
Vaxtı ilə İran işğal altında olan Gorus-Qafan avtomobil yolu ilə Ermənistana
yük daşıyıb və s. Onda rəsmi Bakı həmin ərazinin Azərbaycana aid olduğunu
bildirəndə də Tehran hay-küy salmağa çalışdı. Saxtakarcasına mövcud olmayan
sənədlərdən bəhs etdi. Ancaq məlum oldu ki, o yoldan Azərbaycan yalnız
Ermənistanın yük daşımaları üçün istifadə etməsinə icazə verib. İran
hakimiyyəti isə işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində
Azərbaycanın avtomobil yolundan qanunsuz, qaçaqmalçı kimi yararlanıb. O,
bununla da respublikanın torpaqlarının işğal altında qalmasına göz yumub və
beynəlxalq normaları pozub.
Ermənistan-Gürcüstan yolu kimi tanınan ərazi ilə bağlı rəsmi Bakı hər hansı
sazişin bağlanmasına münasibət bildirməyib. Belə olan halda səfir ictimaiyyətə
yalan məlumat verməklə iğtişaş üçün şərait yaradır.
Mehdi Sübhani Qarabağı könüllü tərk edən erməni sakinlərin də “cəfakeşi”
rolunu oynamağa çalışıb. O deyib ki, “Dağlıq Qarabağ sakinlərinin hüquqları
qorunmalı və nəzərə alınmalıdır”. Onun bu açıqlaması “qaşınmayan yerdən qan
çıxarmağa” daha çox oxşayır.
Axı erməni sakinlərin hüququnun qorunmasına və təhlükəsizliyinin təmin
edilməsinə, habelə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına rəsmi Bakı
dəfələrlə təminat vermişdi. Ancaq onlar ölkə ərazisini könüllü olaraq tərk
etməklə bu təminatlardan imtina etdilər. Deməli, onlar Azərbaycan cəmiyyətinə
inteqrasiya olub, ölkə konstitusiyasını qəbul etməyə razı olmayıblar.
Sübhaninin bu iddiası isə Azərbaycana qarşı aparılan təbliğatdır. O, bununla
Ermənistanın havadarı Fransa hakimiyyətinin dediklərini təkrarlayır. İranla
Fransa anti-Azərbaycan çıxışları 44 günlük müharibədə də özünü göstərmişdi.
Sübhaninin son açıqlamasından belə çıxır ki, Parislə Tehran Azərbaycana qarşı
tezisləri birgə hazırlayır. Bu azmış kimi, Sübhani erməni sakinləri “Qarabağ
xalqı” kimi təqdim edir. Səfirin çıxışı İran hakimiyyətinin rəsmi mövqeyidir.
Bu baxımdan, Sübhaninin açıqlaması ölkənin ali rəhbərinin mövqeyi kimi də qəbul
olunur. Odur ki, Sübhani çıxış və açıqlamaları ilə İranın Azərbaycan-Ermənistan
münasibətlərinə mane olduğunu isbatlayır.
Torpaqlar işğal altında olanda İslam Respublikasının tanınmış hərbi-siyasi
xadimlərindən biri, keçmiş vitse-prezident, İqtisadi Əlaqələndirmə Şurasının
katibliyinin əməkdaşı Möhsün Rezai də Qarabağla bağlı Ermənistanın, erməni
lobbisi və havadarlarının arzu-istəklərini dilə gətirmiş, bildirmişdi ki,
“Dağlıq Qarabağa muxtariyyət verilməlidir”.
İran rəsmiləri belə anti-Azərbaycan çıxışlarla Cənubi Qafqazda Ermənistan
vasitəsi ilə özlərinə yer eləmək istəyirlər. Ancaq Tehran nümayəndələrinin belə
çıxış və davranışları regionda təhlükəsizliyi, əməkdaşlığı təhdid edir. Bu kimi
qıcıqlandırıcı çıxışlar İranın Cənubi Qafqazda sıxışdırılmasına əsas və təkan
verir. Odur ki, Sübhani kimi diplomatlar və rəsmilər Azərbaycanla
münasibətlərin bərpasına çalışmaqdan, mövcud problemləri aradan qaldırmaqdansa,
özlərini hələ də xülyadan ayılmayan erməni lobbisi kimi aparırlar.
“Report” İnformasiya Agentliyi