3d14fb8b-5bc4-4225-9be4-7cdc7d239b6b.jpg

“İran sobası” keçmiş köçkünlərin həyatına son qoydu

Baxış sayı: 21 dəfə baxılıb.

Ötən gün Goranboy rayonunun Nizami kəndində ər-arvad dəm qazının qurbanı olub.
1958-ci il təvəllüdlü Kamal Qurbanlı oğlu Əkbərov və həyat yoldaşı 1960-cı il
təvəllüdlü Ayidə Əli qızı Əkbərova yaşadıqları evdə dəm qazından boğulublar.

Modern.az-ın məlumatına görə, həyatını itirən ər-arvad Kəlbəcər rayonundan
olan keçmiş məcburi köçkünlərdir.

Onların övladları Daşkəsən rayonunda yaşayırmış. Ölənlərin yaxınları deyirlər
ki, mərhum ər-arvadın qızları və digər qohumları gün ərzində onlara dəfələrlə
zəng etsələr də, əlaqə qura bilməyiblər. Daha sonra keçmiş məcburi köçkünlərin
vəfat etdiyi məlum olub.

Yaxınları onların meyitini qonaq otağında tapıblar. Qohumlarının sözlərinə
görə, qonaq otağında quraşdırılan “İran sobası” adlanan qızdırıcı düzgün
quraşdırılmayıb və otağa dəm qazı sızıb. Hər iki şəxs hadisə yerində ölüb.

Mərhumların meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Goranboy rayon şöbəsinə
təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Source link