09d8af19-4216-477b-bfde-a7765230a593..jpg

İran və Livan İsraildəki müharibəyə müdaxilə edəcəkmi? – Mark Babot ilə MÜSAHİBƏ

Baxış sayı: 640 dəfə baxılıb.

İran və Livan İsraildəki müharibəyə müdaxilə edəcəkmi? – Mark Babot ilə
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin İslami Müqavimət Hərəkatına (HƏMAS) qarşı müharibəsi Təl-Əvivdə elan
olunduğu kimi, üçüncü mərhələyə qədəm qoyub. İsrailin Baş naziri Benyamin
Netanyahunun dediyi kimi, birinci mərhələ – kilidləmə artıq başa çatıb. İkinci
mərhələ atəşdir – bu, hər zaman davam edir. Artıq qeyd olunan üçüncü mərhələ
İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza zolağında quru mövcudluğunun tədricən
genişləndirilməsidir.

Bunun fonunda yəmənli husilər İsrailə müharibə elan edərək ərazilərini raket
və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıblar. Bundan başqa, Livandakı şiə
qruplaşmaları da İsrailə qarşı təhdidlər ediblər. Hətta “Hizbullah” lideri
Həsən Nəsrullah müqavimət mehvərinin regionun lideri, yəni İran olacağını
bildirib.

Müharibəni genişləndirmək, İranı və digər oyunçuları bu işə cəlb etmək olarmı?
İsrailli hərbi ekspert, İsrail Müdafiə Ordusunun Baş Qərargahının ehtiyatda
olan polkovnik-leytenantıMark Babot Cixisyolu.com-ın bu və digər suallarını
cavablandırıb:

– Hökumət bu müharibənin məqsədini çox aydın şəkildə göstərib. Bu, HƏMAS-ın,
onun Qəzzada hərbi, inzibati və ideoloji infrastrukturunun məhv edilməsindən
ibarətdir. Orada 2-2,5 milyon sakin yaşayır, onların əksəriyyəti HƏMAS-ı, o
cümlədən onun hərbi komponentini dəstəkləyir. Hazırda HƏMAS-ın 100 minə yaxın
döyüşçüsü var ki, bu da böyük ordudur. İsrail isə onu məhv etmək üçün hər şeyi
etməyə məcburdur. Təbii ki, silahlarını yerə qoyacaqları təqdirdə onlar üçün
təslim olma variantı var. Belə olan halda döyüşlər dayanacaq, yoxlamalar,
sorğu-suallar, məhkəmələr olacaq və təbii ki, çoxları həbsxanaya düşəcək.

– Sizcə, əməliyyat nə qədər müddət davam edəcək?

– Üçüncü mərhələ HƏMAS-ın tamamilə məhv edilməsi ilə başa çatmalıdır.
Çoxmərhələli quru əməliyyatları aparılır, müxtəlif ərazilər tədricən
təmizlənir. Müharibə üç ölçüdə – yeraltı, yer üzü və havada gedir. Ona görə də
hər şey yavaş-yavaş, addım-addım həyata keçiriləcək. Çox güman ki, Qəzza bir
neçə seqmentə bölünəcək və onların hər biri ilə ayrıca məşğul olunacaq.
Düşünürəm ki, əməliyyat ən azı iki-üç ay çəkə bilər.

Sonra dördüncü mərhələ başlayacaq. İsrailin HƏMAS üzərində qələbəsindən sonra
Qəzzanın taleyinin necə olacağına, bu ərazinin necə həmassızlaşdırılmasına və
demilitarizasiya ediləcəyinə qərar vermək lazım gələcək.

– Ümumiyyətlə, HƏMAS-ı məhv etmək mümkündürmü? Siz 100 min yaraqlıdan və
Qəzzanın rəğbət bəsləyən əhalisindən danışdınız. Bundan başqa xarici təsirlər
var. Hətta “Taliban”ın da Qəzzaya döyüşmək üçün könüllülər topladığı xəbəri var
idi. Bu 100 000 yaraqlı zərərsizləşdiriləcək, lakin başqaları onları əvəz edə
bilər…

– Təəssüf ki, İsrail 1947-ci ildən müharibə aparır. Bu, bizim üçün yeni
vəziyyət deyil. Ola bilsin ki, yüz illər sonra, məsələn, İsrailin apardığı 200
illik müharibənin tarixini öyrənəcəklər. Avropada 100 illik müharibə var idi.
İndi vəziyyət elədir ki, HƏMAS və digər təşkilat və hərəkatların yaraqlıları
silahı yerə qoysa, sülh olar. Biz silahımızı yerə qoysaq, İsrail olmayacaq.

İsrailin Qəzza zolağı ilə heç bir münaqişəsi yoxdur. Müharibə terrorçulara
qarşı gedir. Yeri gəlmişkən, onların bir çoxu əsir düşüb və dindirmə zamanı
bütün etdiklərinin İslama zidd olduğunu etiraf ediblər. Onlar körpələri,
qadınları, qocaları qəsdən öldürür, başlarını kəsir, İŞİD yaraqlıları kimi
hərəkət edirlər. Nasist düşərgələrindən və Osvensimdən sağ çıxan qadınlar edam
edilib. Onlar körpələri su qablarında qaynadıblar və bunu lentə alıblar. 21-ci
əsrdə bunu kim təsəvvür edə bilər?!

Tanıdığım bir patoloq-anatom deyir ki, onlar gündə 20-22 saat işləyirlər,
hətta İsrailə dünyanın hər yerindən könüllülər gəlib. Hələ də çox sayda
qurbanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Məsələn, hücuma məruz qalan
yaşayış məntəqələrində toplanmış 400-dən çox fərdi cəsəd hissələri, orqanlar
var. Bunu edənlərlə necə danışıqlar aparmaq olar?

Mən dünyanın bir çox qaynar nöqtələrində olmuş insanlarla, Afrikadan, İraqdan,
Suriyadan, Cənubi Qafqazdan və Ukraynadan reportajlar hazırlayan jurnalistlərlə
ünsiyyətdə oluram. Onlar hücum zamanı dinc əhalinin qətliamını əks etdirən və
yaraqlıların özləri tərəfindən lentə alınan kadrları görəndə əsəb sarsıntıları
keçiriblər.

Özümüzü müdafiə etmək üçün daim barıtımızı quru saxlamalıyıq. Ermənistanla
Azərbaycan arasında münaqişə, müharibə olub. Amma Bakı Ermənistanın bir dövlət
kimi, ermənilərin isə xalq olaraq yaşamaq hüququ olmadığını hesab etmir. HƏMAS
və “Hizbullah” isə yəhudilərin mövcud olmaq hüququnu inkar edir.

Hazırda Livanla sərhəddə (“Hizbullah”ın yerləşdiyi ərazidə) atışma gedir.
Halbuki İsrail-Livan sərhədi hələ 1916-cı ildə qeyd olunub və bir santimetr
belə mübahisəli ərazi yoxdur. Lakin “Hizbullah” vəziyyəti gərginləşdirməyə
başlayır.

– Müharibənin bir neçə cəbhəyə yayılma təhlükəsi nə dərəcədə böyükdür? Siz
artıq “Hizbullah”ı qeyd etdiniz, amma İran, İordan çayının qərb sahili, HƏMAS
və s. də var

– Bu cəbhələrin hamısı realdır. Gəlin uzaq ətrafdan – İrandan başlayaq. İran
İslam Respublikasının (İİR) İsraillə quru sərhədi yoxdur. İran quru
qoşunlarının sərhədimizə çatması üçün onlar İraqdan (qismən ABŞ-nin
nəzarətindədir) və İsrailin hava nəzarətində olduğu Suriyadan keçməlidirlər.
Beləliklə, onlar artıq yolda çoşğunluqlarını itirəcəklər. Onu da xatırlatmaq
istəyirəm ki, farsların “üstün irq” olduğuna dair fikir var və buna görə də
ərəblər və sünni müsəlmanlar onların düşüncəsində “aşağı irq” hesab olunurlar.
İran öz quru qoşunlarını Qolan təpələrinə köçürməyə cəhd edərsə, İraq və Suriya
ərəblərinin onları necə qarşılayacağını anlamaq çətin deyil.

Amma İran əhalisi, ən azı əhəmiyyətli bir hissəsi İsrailə qarşı deyil. İranda
kifayət qədər Azərbaycan əhalisi, həmçinin çoxlu milli azlıqlar var. Yeri
gəlmişkən, farsların çoxu da İsraillə müharibə istəmir. Lakin çoxmillətli İran
xalqı Ayətullah rejiminin girovluğundadır.

Təbii ki, İran hakimiyyəti “Hizbullah”ı dəstəkləyir, hətta ballistik və
qanadlı raketlərlə (Tehranda bundan çoxdur) İsrailə hücum edə bilər. Lakin onda
artıq İrana müdaxilə etməməsi barədə xəbərdarlıq edən ABŞ işə qarışacaq.
Xatırladım ki, ABŞ-nin iki aviadaşıyıcı qrupu artıq Şərqi Aralıq dənizində
cəmləşib. İraqla Körfəz müharibəsindən bəri belə bir şey olmayıb. Ona görə də
ümid edirəm ki, ABŞ-nin xəbərdarlığı əbəs olmayacaq.

İndi isə Livan cəbhəsi barədə. “Hizbullah”ın hərəkat şövqünü azalda biləcək
bir neçə təsir rıçaqları var. Livanda əhalinin yarıdan çoxu (“Hizbullah”
üzvləri kimi) şiə deyil. Orada sünnilər, druzlar və bir çox məzhəbdən olan
xristianlar yaşayır. Onların nümayəndələri parlamentdə “Hizbullah”la
koalisiyadadır və müharibəyə başlamamağı tələb edirlər. “Hizbullah” müharibəyə
başlasa, əlbəttə İsrail üçün çox çətin olacaq, amma sonda Livan dövlət kimi
mövcud olacaqmı? İsrail “Hizbulla”hın hərəkət və ya hərəkətsizliyinə görə Livan
dövlətini məsul görür.

Ardınca HƏMAS və Qəzza gəlir. Bu barədə artıq danışmışıq. İsrail HƏMAS-ın
hücumunu gözdən buraxıb. Bu uğursuzluq hələ uzun illər araşdırılacaq.

Son həftələr Qəzzadan İsrailə yeddi mindən çox müxtəlif modifikasiyalı raket
atılıb. Avropa İttifaqı və beynəlxalq birlik bu region üçün böyük məbləğdə
vəsait ayırıb. Lakin HƏMAS demək olar ki, 400 kvadrat kilometrlik Qəzzanı yer
üzündə cənnətə çevirmək əvəzinə burada cəhənnəmi yaratdı.

Sonra İudeya və Samariya (İordan çayının Qərb Sahili) gəlir. Bu cəbhədə
fəaliyyət göstərən daxili bölmələrimiz var. Terrorçular öldürülür, polislərimiz
yaralanıb.

Cənub cəbhəsindən də danışmaq olar. Söhbət İranın proksisi olan Yəmən
husilərindən gedir. Yəmən ərazisindən raket və dronlarla hücumlar edilir.

Amma sizə İsraillə sülh müqaviləsi bağlayan Misir və İordaniyanı xatırlatmaq
istəyirəm. Aramızda heç bir siyasi fikir ayrılığı yoxdur, lakin yerli əhali son
dərəcə anti-İsrail ruhiyyədədir. Eyni zamanda, nə Misir, nə də İordaniya
Qəzzadan olan bədbəxt qaçqınların üzünə sərhədlərini açmır. Bunun səbəbi
aydındır. Məsələn, Misirdə 2 milyon radikal insanın peyda olması Misir
hakimiyyəti üçün ciddi problemlərə səbəb olacaq. Bundan əlavə, ölkə onsuz da
ciddi iqtisadi çətinliklər yaşayır.

İordaniyada təhlükə fərqlidir. Bu ölkə əhalisinin 65%-dən çoxunu fələstinlilər
təşkil edir. İordaniyalılar fələstinlilərlə eyni ərəb ləhcəsində danışırlar.
Buna görə də onlar Qəzzadan olan daha radikal soydaşlarının təsirindən
qorxurlar.

Biz mühasirədəyik. Amma İsrailin əsas kartı odur ki, bizim gedəcək yerimiz
yoxdur. Yarım milyondan çox ordu bütün cəbhələrdə və istiqamətlərdə döyüş
vəziyyətindədir. Bu, bizim ikinci müstəqillik müharibəmizdir. İsraildə belə bir
deyim var: “Firondan sağ çıxdıq, bundan da sağ çıxacağıq”.

Nair Əliyev

Source link