İran və Pakistanın qarşılıqlı zərbələri: Səhnənin arxasındakı “dublyorluq” –
TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yaxın Şərqdə və onun hüdudlarından kənarda geosiyasi gərginliyin, hərbi
eskalasiyaların artdığı bir vaxtda Pakistan və İran bir-birlərinin ərazilərinə
zərbələr endiriblər.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyaləti ilə İranın Sistan və Bəlucistan
vilayəti arasında təxminən 900 kilometr uzanan qeyri-stabil bir sərhəd var.
Hər iki ölkə Bəluc bölgəsində silahlılarla döyüşür və onların ortaq separatçı
düşməni olsa da, bir-birlərinin ərazilərinə zərbələr endirmələri qeyri-adi bir
haldır.
İran və Pakistan silahlı qeyri-dövlət aktorlarının – Pakistanda “Ceyş əl-Ədl”,
İranda Bəlucistan Azadlıq Ordusu və Bəlucistan Azadlıq Cəbhəsinin –
sığınacaqlarını hədəfə alıblar. Hər bir ölkə digərini silahlılara sığınacaq
verməkdə ittiham edir.
Bununla belə, İranla Pakistanın bir-birinin hava məkanını nümayişkaranə
şəkildə pozması iki ölkə arasında hərbi-siyasi və diplomatik gərginliyə səbəb
olsa da, onların ritorikasının müharibə həddinə çatacağını proqnozlaşdırmaq
olmur.
Çünki İranla Pakistanın münasibətləri elə də kəskin bir tonda deyil, daha
doğrusu, çətin və məhsuldar əlaqələr mövcuddur. Ən maraqlısı isə budur ki, hava
hücumundan bir neçə saat əvvəl İran və Pakistan Fars körfəzində ortaq hərbi
təlim keçiriblər və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Davosda
Dünya İqtisadi Forumu çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ul-Haq
Kakar ilə görüşüb.
Elə isə sual olunur, nə baş verdi ki, Tehranla İslamabad yaxşı əlaqələri
unudub qarşılıqlı pis ssenari ilə oynamağa başladılar?
İlk olaraq İran Pakistan ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının “qala”larını
hədəfə alaraq onların mövqelərinə müxtəlif növ silahlardan aviazərbələr endirdi.
“Ceyş əl-Ədl” İran üçün problematikdir və bu qruplaşma İran ərazisində xeyli
terrorun müəllifinə və ya icraçısına çevrilib.
Lakin İranın Pakistan ərazisindəki əməliyyatlarının tərzi Tehranın Yaxın
Şərqdə əzələlərini şişirtməsinin işığında daha çox aydınlaşır.
Düzdür, Pakistana hücumlar və Pakistanın da qarşılıqlı cavablar verməsi
birbaşa İsraillə əlaqəli deyil.
Tehran zərbələrini anti-İran terror qruplaşmalarını hədəf aldığını iddia
etməsi ilə əlaqələndirir. Bu, Livanda “Hizbullah”, Fələstində HƏMAS kimi
İsrailə qarşı olan qüvvələri maliyyələşdirən və təchiz edən İranın başqa
regionda da daha cəsarətli birbaşa hərəkətlər edə biləcəyinə işarədir.
Ancaq İranla Pakistan arasında qarşılıqlı zərbələrin genişmiqyaslı hərbi
eskalasiya yaratması zəif versiyadır, böyük ehtimalla bir-birlərini
terrorçulara sığınacaq verməkdə ittiham edən bu iki ölkə diplomatik-siyasi
yollarla vəziyyəti yoluna qoymaq səylərini üstün tutacaqlar.
İran elitasındakı savaş
İranda mart ayında Ekspert Assambleyasına seçki gözlənilir və SEPAH var gücü
ilə dövlətüstü bir quruma çevrildiyini rəsmiləşdirməkdən ötrü prosesi ələ
almağa çalışır. İranda daxili siyasi isteblişment qaynayanda SEPAH həm Xarici
İşlər Nazirliyinin, həm də prezidentlik institutunun xarici ölkələrlə əlaqələri
inkişaf etdirmək təşəbbüslərini bloklamaqdan ötrü sinov gedir.
SEPAH hərbi-siyasi və ruhani elitadakı mübarizəni qızışdırıb ona yön vermək
üçün xarici cəbhədəki silahlarını işə salmaq təcrübəsinə malikdir, deməli,
İranın Pakistana zərbələrinə bir də bu aspektdən qiymət vermək olar.
Bu məntiqlə, hərbi gərginlik İrana təkcə xarici təhdidlər qarşısında deyil,
həm də daxili arena qarşısında gücünü nümayiş etdirməyə imkan verib.
Bununla belə, bu raket hücumlarının İranın əziyyət çəkdiyi fundamental
təhlükəsizlik problemlərinin həlli olub-olmayacağı çox şübhəlidir. Bunu hətta
bu hücumlardan sonra Pakistan sərhədində İran təhlükəsizlik qüvvələrinin
əməkdaşlarının öldürülməsi də sübut edir.
NƏTİCƏ
Ancaq səbəbindən asılı olmayaraq, hərbi insidentlər İran-Pakistan
genişmiqyaslı münaqişəsini nəzərdə tutmur. Çünki nə İran, nə də Pakistan
digərinin rəsmi qüvvələrinə və ya aktivlərinə hücum edib.
Bunun əvəzinə, hər biri problemli hesab etdiyi cihad qüvvələrinə qarşı
digərinin ərazisi daxilində hücumlar həyata keçirib.
Bununla belə, geosiyasi oyunçuların özlərinin qlobal strateji maraqları naminə
İran-Pakistan gərginlik mənbələrinə hansı toxumları atacaqları da proseslərə
təsir göstərə bilmək qabiliyyətini saxlayır.
Mənfi ssenaridə ilkin mərhələdə təhlükəli faktor belədir ki, Pakistanla İranın
münasibətləri pisləşsə, bu, iki ölkənin ildə iki milyard dollarlıq ticarət
dövriyyəsinə zərər vurmaq riski daşıyacaq.
Aqşin Kərimov