İrana qarşı sanksiyalar Azərbaycanın gəlirlərini artıracaqmı?

İrana qarşı sanksiyalar Azərbaycanın gəlirlərini artıracaqmı?

Baxış sayı: 2. 905 dəfə baxılıb.

İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir.

Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçib. Azərbaycan neftinin bir barelinin qiyməti isə 77,65 dollar təşkil edib.

ABŞ prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir.

İrana qarşı sanksiyalar Azərbaycanın gəlirlərini artıracaqmı?

ÇıxışYolu.Com-a bazarı şərh edən Vüqar Bayramov bildirir ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var: 

“Bu, iqtisadi baxımdan neftin hər barelində altı dollar artım deməkdir. Sanksiyalar fonunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq.

Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır.

Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır.

Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda, hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”.

İqtisadçı bildirir ki, İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir:

“Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib-çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamalarına görə, 2018-ci ildə neftin bir barelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa, 5,139 milyard manat gəlir əldə edəcək.

Bu isə ölkənin daxilolmalarının artması baxımdan vacibdir. Sanksiyaların İranla əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar.

Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə, o zaman yeni sanksiyalar İranla iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

.
www.ÇıxışYolu.Com