İranda hicab əleyhdarlarını ağır cəza gözləyir

İranda hicab əleyhdarlarını ağır cəza gözləyir

Baxış sayı: 3. 548 dəfə baxılıb.

İranda hicab geyinməyə etiraz edənlər 10 il azadlıqdan məhrum edilə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, İran polisinin belə xəbərdarlığı barədə “Amnesty İnternational” təşkilatı məlumat yayıb.

İndiyədək hicaba etiraz aksiyalarında iştirak edənləri yalnız “mənəviyyat keşikçiləri” tərəfindən şifahi xəbərdarlıq, yaxud xüsusi tədris məktəblərinə göndərilmək gözləyirdi.

Polis rəsmi şəkildə bildirirdi ki, belə qadınları cinayət məsuliyyəti gözləmir. Lakin indi İran hökuməti qərarını kəskin dəyişib.

Polis etirazçıların rüşvətxorluq və fahişəliyə dəstək ittihamları ilə həbs olunacağını bildirib. 

İranın məhkəmə sisteminin rəsmisi Qulamhüseyn Möhsüni-Əcəyi bildirib ki, etirazçılar ya narkotiklərin təsiri altındadırlar, ya da “mütəşəkkil cinayətkar dəstənin” göstərişi ilə hərəkət edirlər.

Xatırladaq ki, İranda hicaba qarşı ilk aksiya dekabrın 31-də dul qadın Vida Mohavəd tərəfindən keçirilib. Qadın Tehranda saçları və başı açıq vəziyyətdə transformator yeşiyinin üzərinə çıxaraq, hicabı əlində tutduğu ağac parçasına bağlayıb. 

Mohavəd polis tərəfindən bir sutkalıq saxlanılıb, sonradan azadlığa buraxılıb.

İranda hicabın məcburiliyi haqqında qanun 1979-cu ildə baş vermiş inqilabdan sonra qüvvəyə minib.

www.ÇıxışYolu.Com