“İranın İsrailə oktyabrın 1-də raket hücumuna Təl-Əvivin mümkün cavabı ilə
bağlı iki ölkə arasında gərginliyin daha da artdığı bir şəraitdə İran
Parlamentinin deputatları da prosesə müdaxilə etmək qərarına gəliblər. Bir neçə
gün öncə parlamentin plenar iclasında məlum olub ki, məclisin 39 üzvü nüvə
silahının istehsalı ilə bağlı ölkənin müdafiə doktrinasına dəyişiklik etmək
barədə Ali Milli Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Həmin doktrinanın
əsasını İranın Ali Rəhbəri Əli Xameneinin nüvə silahından istifadənin digər
kütləvi qırğın silahları, o cümlədən kimyəvi və bioloji silahlar kimi haram
olmasına dair fətvası təşkil edir və deputatlar faktiki olaraq həmin fətvanın
dəyişdirilməsini tələb edirlər”.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Bildirilib ki, deputatların məktubu Ali Milli Təhlükəsizlik Şurasına
göndərilsə də, əslində ölkənin ali rəhbərinə ünvanlanıb.
“Həmin məsələ ilə əlaqədar parlamentin iclasında çıxış edən deputat Həsənəli
Əxlaqi Əmiri bu istəyi hazırda İran-İsrail münasibətlərində yaranmış vəziyyətlə
əsaslandıraraq deyib: “Bu gün artıq beynəlxalq təşkilatlar, hətta Avropa və
Amerikanın iddialı dövlətləri sionist rejimə (yəni İsrailə) nəzarət edə
bilmirlər, bu qondarma rejim isə hər cür cinayətə əl atır. Buna görə də biz,
məclisin 39 deputatı Ali Milli Təhlükəsizlik Şurasına məktub yazıb imzaladıq və
həmin məktubda şuradan xahiş etdik ki, İran İslam Respublikasının müdafiə
doktrinasına yenidən baxılsın”.
Məsələnin ilk növbədə İran ali rəhbərinin nüvə silahının istehsalına qadağa
qoyan fətvası ilə əlaqədar olduğunu bildirən deputat əlavə edib: “Bu gün biz
artıq təkcə özümüzə baxmamalıyıq, həm də Müqavimət Cəbhəsi ilə bağlı
iddialarımıza əsasən onların arxasında dayanmalıyıq. Bu cəbhə gözünü İran İslam
Respublikasına dikib”.
Başqa sözlə, parlamentə Məşhəddən seçilmiş deputat sözügedən dəyişikliyin həm
də İranın regiondakı proksi qüvvələrinin gözləntiləri baxımından zəruri
olduğunu vurğulayıb”.
Ətraflı yeni videosüjetdə:
İranın ali rəhbəri fətvasını dəyişəcəkmi?