e180e180-2bb2-4399-bf99-185f46ecfe3e..jpg

İranın Ermənistana açdığı liman qapısı – İrəvan yeni alət rolunda – ŞƏRH + FOTO

Baxış sayı: 812 dəfə baxılıb.

İranın Ermənistana açdığı liman qapısı – İrəvan yeni alət rolunda – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Ermənistana xidmət üçün daha bir qapı açıb. İrəvan və Tehran arasında
sənaye əməkdaşlığına dair memorandum imzalanıb. Ermənistanın iqtisadiyyat
nazirinin müavini Narek Teryan bildirib ki, sənədə əsasən, onlar İran
limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcəklər.

Qeyd edilib ki, bundan sonra İrəvan sadələşdirilmiş qaydada İranın üç əsas
limanından – Ənzəli, Bəndər Abbas, Çabahardan yararlanmaq imkanı qazanacaq.

Çabahar limanında ölkəsinin operator fəaliyyətindən danışan nazir müavini
əlavə edib ki, bu məsələ Tehranla Yeni Delhi arasında müzakirə mərhələsindədir.

İranın Ermənistana belə bir lütfü, xüsusi ilə Xəzər sahilindəki Ənzəli
limanından daha uyğun şərtlərlə istifadəsi nə ilə bağlıdır?

Qeyd edək ki, İran, Hindistan və Ermənistan Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizi yaratmaqla Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat layihəsinə
alternativ təqdim etməyə çalışırlar. Tehran bununla şaxələnən tranzit
imkanlarını nümayiş etdirməyə səy göstərir.

Yer gəlmişkən, İran özünü həm də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin
vacib ticarət tərəfdaşı sayır. Tərəflər arasında azad ticarət haqqında
müqavilənin imzalanacağı planlaşdırılır.

2018-ci ildə İran və Aİİ arasında Preferensial Ticarət Sazişi (güzəştli
ticarət sazişi) imzalansa da, sənəd 2019-cu il oktyabr 27-də qüvvəyə minib.
Ancaq hələ də işlək vəziyyətdə deyil. Bu, daha çox RF-İİR əməkdaşlığına töhfə
verə bilər. İki ölkə arasında bu ilin ilk 10 ayında ticarət dövriyyəsinin ümumi
həcmi 1,67 milyard dollar təşkil edib. Potensial imkanları və qarşılıqlı
münasibətləri nəzərə alsaq, bu, iki ölkə arasında çox kiçik rəqəm sayılır.

Bütün hallarda İran və Ermənistanın arzuları ilə imkanları uzlaşmadığından bir
çox layihələr müzakirə səviyyəsini aşmır.

İran hakimiyyətinin buna iqtisadi, maliyyə, siyasi potensialı yetərli
sayılmır. Bir sıra istiqamətlər üzrə, o cümlədən siyasi və hərbi rəsmilərinə,
şirkətlərinə, neft-təbii qaz sahələrinə sanksiyalar tətbiq edildiyindən, habelə
yürütdüyü daxili və xarici siyasət səbəbindən riskli ölkə halına gəlib.
Məsələn, İranla Azərbaycan arasında uyğun infrastrukturun, Qəzvin-Rəşt-Astara
(İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsi 20 ildən artıqdır
reallaşmır. Riskli ərazi olduğundan, eləcə də, maliyyə çatışmazlığı səbəbindən
onun tranzit yollarının şaxələnməsi mərkəzinə çevrilməsi imkanı məhdudlaşır. Bu
halda İrəvanın “sülh kəsişməsi” layihəsi də arzu olaraq qalır.

Belə bir vəziyyətdə Ermənistanla İran arasında infrastruktur layihələr
reallaşa bilər. Deməli, Hindistan İrandan Ermənistana müxtəlif məhsullar, eləcə
də hərbi texnika daşıya bilər. Cənubi Qafqazın bu ölkəsi dalan olduğundan onun
ərazisindən xaricə, Avropaya çıxış mümkünsüzdür.

Gürcüstandan keçən Yuxarı Lars yolu indiki şəraitdə Ermənistanın qapısı
sayılır. Bunu da mövsümi saymaq olar. Onun təkcə Rusiyadan uzaqlaşmasına deyil,
ümumiyyətlə gələcək inkişafı üçün yol məsələsi vacibdir. Ənzəli limanı Mərkəzi
Asiya, xüsusilə Türkmənistan, Qazaxıstanla əlaqələr saxlamaq üçün yaralı ola
bilər. Bu iki ölkənin Ermənistanla münasibətləri həmişə normal olub.

Türkmənistan və Qazaxıstan onun neft-qaz tərəfdaşı sayılıb. Yeni şəraitdə bu
istiqamətdə ticarət dövriyyəsi arta bilər. Bu həm də Rusiyadan kənar keçməklə
yük daşımasını asanlaşdırar. Tehran Ənzəli limanını Rusiya üçün alternativ
olaraq görməsə də, Ermənistandan Moskvaya qarşı çəkindirici alət kimi
perspektivdə yararlana bilər. Çünki RF və İİR üzləşdikləri vəziyyətə görə rəqib
ola bilmir. Bu səbəbdən onlarla neft, təbii qaz sahəsində ticarəti
genişləndirir. İranın bu istiqamətdə imkanı məhdud olduğundan tranzit yollar
təklif edir.

Bu baxımdan İranın Ermənistana təqdim etdiyi limanlar, o cümlədən Ənzəli
Xəzərdən keçəcək Orta dəhliz üçün alternativ kimi görülür, yaxud o, layihənin
reallaşmasına maneə kimi irəli sürülür. Çünki Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması rəsmi İrəvan
üçün xilasdır. O, bununla asılılıqdan – kənar qüvvələrin əlində alət olmaqdan
qurtula, həm də qazana bilər. Bu baxımdan Ermənistana 3 limandan istifadə
imkanı ondan iki istiqamətdə istifadə etmək ehtimalı yarada bilər. Başqa sözlə,
Tehranın İrəvana limanlar təklifi daha çox avantüraya oxşayır. Bütün cəhətlər
üzrə vurnuxan Ermənistanın oxu daha çox İran üzərində dayanır. Atalar sözüdür:
“Acın canı yalançının əlindədir”.

“Report” İnformasiya Agentliyi

Source link