d7384720-a34f-4c00-8fda-1af0ccbbb05e..jpg

İranın İraq və Pakistana hücumu: Proksilərdən diqqəti yayındırmaq cəhdi – ŞƏRH + FOTO

Baxış sayı: 684 dəfə baxılıb.

İranın İraq və Pakistana hücumu: Proksilərdən diqqəti yayındırmaq cəhdi – ŞƏRH
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran son günlər qonşu dövlətlərin ərazilərini raket atəşinə tutmaqla gündəliyə
gəlib. Yanvarın 15-dən 16-na keçən gecə ölkənin İnqilab Keşikçiləri Korpusu
(SEPAH) İraqın şimalına, Suriyaya, yanvarın 17-də isə Pakistana dron və
raketlərlə zərbələr endirib.

Tehranın yaydığı rəsmi açıqlamaya əsasən, SEPAH Suriya və İraq ərazisində
terrorçuların mərkəzlərini vurub. Ancaq İranın ali dini rəhbəri ayətullah Seyid
Əli Xameneinin iddiasına əsasən, İraqın şimalındakı Ərbil şəhərində “Mossad”ın
(İsrailin məxfi kəşfiyyat orqanı – red.) qərargahını vurublar. Tehranda həmin
hücuma həsr olunan bannerdə yazılıb: “Allahın izni ilə sərt cavab. Biz
kafirlərdən intiqam alacağıq”.

İraq rəsmiləri bunu ölkənin suverenliyinə təcavüz kimi qiymətləndiriblər.
Şimaldakı hökumətin keçmiş başçısı, Kürdüstan Demokratik Respublikasının (KDR)
lideri Məsud Bərzani İranın raket zərbələrini “qorxaq hücum” adlandırıb. O bu
hücumu həm də İraqın Kürdüstan bölgəsinin suverenliyinin pozulması kimi
qiymətləndirib. Bölgənin Təhlükəsizlik Şurası bildirib ki, bu hadisə rəsmi
Bağdadla Tehran arasında təhlükəsizlik üzrə razılaşmanın pozulmasıdır.

İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfir Nasir Abdel Mohseni məsləhətləşmə
üçün geri çağırıb, İranın Bağdaddakı müvəqqəti işlər vəkili Abu əl-Fadl Əziziyə
etiraz notası təqdim olunub. İraq rəsmilərinin açıqlamasına əsasən, raket
hücumu nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb. Bağdad İranın
“Mossad”ın qərargahı ilə bağlı iddiasını da təkzib edib.

ABŞ Dövlət Departamenti hadisə ilə bağlı açıqlamasında hücumları şiddətlə
qınayıb.

İran İslam İnqilabı Keşikçiləri Qvardiyası iddia edib ki, Pakistanın
Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının
qərargahlarına zərbələr endirib. İslamabaddan yayılan açıqlamaya görə, bu hücum
nəticəsində iki uşaq ölüb.

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın
müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Davosda İranın
xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistanın müvəqqəti baş naziri
Ənvar-ül-Haq Kakarla görüşərək vəziyyəti müzakirə edib…

Yaxın Şərqdə baş verən silahlı toqquşmalarda tərəflərdən biri olaraq İranın
adı hallanır. O, HƏMAS-ın İsrailə qarşı müharibəsini, Yəməndə husilərin Qırmızı
dənizdə pirat fəaliyyətini, Livanda “Hizbullah”ın İsrailə qarşı hücumlarını
dəstəkləyir, onlara yardımlar edir. Məsələn, ayətullah Seyid Əli Xamenei
husiləri hücumu davam etdirməyə çağırıb.

İran belə bir şəraitdə özü üçün daha iki cəbhəni niyə açır? Bu addımları atmaq
üçün Tehranın əlində hüquqi əsas var? Bu, perspektivdə İrana hansı hadisələri
vəd edə bilər?

Yanvarın 3-də SEPAH-ın Qüds qolunun keçmiş komandanı general Qasım
Süleymaninin öldürülməsinin dördüncü ildönümündə Kermanda dəfn olunduğu
qəbiristanlığa gedən yolda iki ayrı-ayrı yerdə törədilən partlayış nəticəsində
103 nəfər ölmüş, 221 nəfər isə yaralanmışdı. Tehran iddia edir ki, bu hücumu
xarici qüvvələr törədiblər. Hadisə ilə əlaqədar 30-a yaxın şübhəli saxlanılıb.
Bu hücumdan sonra İran qərb istiqamətdə qoşunları cəmləyib. Hətta həmin vaxt
Tehran Əfqanıstanda əməliyyat keçirəcəyini də bəyan etmişdi. Bu ölkənin
ərazisində antiterror fəaliyyəti adı altında tədbirlər keçirməsini mümkün
saymaq olar. “Taliban” hökumətini zəif, ölkəyə tam nəzarət etmək imkanının
olmadığını əsas gətirərək bu addımı ata bilərdi. Ancaq görünür, Əfqanıstana
indiki vəziyyətdə hücum etməyi Yaxın Şərqdəki hadisələrlə əlaqədar təxirə salıb.

Pakistan, Əfqanıstan və İranın sərhədyanı ərazilərində bəluclar yaşayırlar. Bu
etnik qrup İranda məzhəb fərqi, etnik mənsubiyyətinə görə daim diskriminasiyaya
məruz qalır. İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin
imam cüməsi Mövləvi Əbdül-Həmidin cümə namazı xütbələrində Tehran rejimi tənqid
edilir. Bir qayda olaraq bölgədə hər cümə günü İran hakimiyyətinə qarşı etiraz
aksiyaları keçirilir. Tehran hakimiyyəti bu əyaləti daim təzyiq və nəzarətdə
saxlayır. Regionda elan edilməmiş fövqəladə hərbi-polis rejimi mövcuddur.
Kerman hadisələrindən sonra vəziyyət daha da ağırlaşıb.

Beləliklə, Tehranın Pakistan ərazisini vurmasının aşağıdakı səbəbləri ola
bilər:

– üç ölkə ərazisindəki ictimai-siyasi fəal bəlucları qorxutmaq;

– Pakistanın ərazisində belə, silahlı bəluclara hücum etmək iqtidarında
olduğunu nümayiş etdirmək;

– Rəsmi İslamabad husilərə qarşı əməliyyatlarda iştirak etmədiyini bildirib.
Bununla belə, Tehran rəsmi İslamabadı bu hücumla xəbərdar edir;

– İran hakimiyyəti Pakistandan çəkinmədiyini, onun suverenliyini poza
biləcəyini göstərir;

– Tehran rejimi bununla regionda maraqları olan dövlətlərə də xəbərdarlıq edir;

– Pakistan hakimiyyəti Əfqanıstanda terrorçuların fəaliyyətindən narahatlığını
gizlətmir. Bu, o deməkdir ki, İslamabadla “Taliban” hökuməti arasında müəyyən
ziddiyyətlər var. Tehran hakimiyyəti bu münasibətdən yararlanaraq “Taliban”a da
öz gücünü göstərir;

– İran hakimiyyəti beynəlxalq hüququ tanımır və s.

Ötən ilin yayında Bağdadla Tehran arasında təhlükəsizliklə bağlı razılıq əldə
edilib. Həmin razılaşmaya əsasən, İraq ərazisində İrana qarşı fəaliyyət
göstərən silahlı qruplaşmalar sərhədyanı ərazilərdən çıxarılıblar. Rəsmi Bağdad
bununla bağlı Tehran qarşısında öhdəlik götürüb. İran bildirmişdi ki, ölkənin
ərazisi terrorçu qruplaşmalar tərəfindən təhdid ediləcəyi halda atəş açacaq.
İraqın şimalında kürd etnik qrupuna muxtariyyət verilib. Onlar de-fakto Ərbili
bölgənin mərkəzi sayırlar. Bu, Bağdaddan sonra İraqın ikinci şəhəridir. İraq
“Mossad”ın adını hallandırsa da, ehtimal etmək olar ki, Tehran hakimiyyəti
bununla həm də İrana silahlı hücumlar etmiş “Pejak”, “Komilə”, İran Kürdüstan
Partiyasını da hədələyib.

Tehran İraqla müharibədən sonra sülh müqaviləsi imzalamayıb. Tərəflər arasında
atəşkəsə dair razılıq əldə olunub. Bununla belə, qarşılıqlı olaraq bir-birinin
ərazi bütövlüyü və suverenliyi tanınır. Ancaq İraqda İrana qarı silahlı
qruplaşmaların fəaliyyəti problemlər yaradır. Eyni zamanda, Səddam Hüseyn
hakimiyyəti devrildikdən sonra Tehran İraqın daxili işlərinə müdaxilə edir. Bu
ölkə ərazisindəki “Həşdi-Şəbi”, “İraq islam müqavimət hərəkatı” kimi silahlı
qruplaşmalar bir qayda olaraq İran hakimiyyətinə bağlı sayılır. Bu baxımdan,
İraq ərazisinin İran tərəfindən vurulması və onun ölkənin daxili işlərinə
qarışması qanunsuzdur. Yəni bu hərəkət beynəlxalq normalara uyğun deyil.

Pakistana gəldikdə isə İran onunla çox yaxın olub. Hətta Hindistana qarşı
Kəşmir müharibəsində İran Pakistana yardım edib və s. Odur ki, Tehranın
Pakistan ərazisinə zərbə endirməsi münasibətlərin pozulmasına və ya
gərginləşməsinə səbəb ola bilər.

Ehtimal etmək olar ki, İraqdakı anti-İran qrupların fəallığı artacaq. Bu,
silahlı hücumlarla təzahür etməsə də, İranda yeni etiraz aksiyalarının
keçirilməsi ilə müşayiət oluna bilər. İki ölkəyə həmlə Tehranın beynəlxalq
miqyasda da sanksiyalara məruz qalacağını deməyə əsas verir.

Habelə, SEPAH-ın belə arxayınlıqla İraq və Pakistan ərazisini vurması onun
terrorçu silahlı qruplaşma olaraq tanınmasını da tezləşdirə bilər.

Beləliklə, İran HƏMAS-ı, husiləri, “Hizbullah”ı gözlənilən zərbələrdən
yayındırmaq məqsədi ilə diqqəti öz üzərinə çəkir. O, bununla həm də başqa
proksi qüvvələrinə ismarış göndərir.

“Report” İnformasiya Agentliyi

Source link