İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın
Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq
qalacaq.
Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən
münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəsi
zamanı Tehranın adı bu və ya digər formada proseslərdə hallanırdı. Belə ki,
İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə “müqavimət hərəkatı” adı
altında “Həşdi-Şəbi”, “Zeynəbiyyun”, “Fatimiyyun”, husilərin “Ənsarullah” kimi
qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsilə qarışdırır,
hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti
özünü gizlədə bilmədi. Dəməşqdə Tehranın diiplomatik missiyasının binası
saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək
rütbəli yeddi zabitinin ölməsi gərginliyi artırdı. İranın iddiasına görə İsrail
Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum
edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.
İran İslam Respublikası qurulduğu gündən İsrailə qənim kəsilib. Bu 45 ildə
Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. Yenicə qurulan
İslam Respublikası ötən əsrin 80-ci illərində Səddam Hüseyn rejimi ilə müharibə
aparıb. Müharibə heç bir tərəfə uğur gətirməyib. Çünki İran Kərbəla və Nəcəfi
ələ keçirməyi, oradan Qüds və Məkkəyə irəliləməyi hədəfləyirdi. Səddam Hüseyn
isə İranın ərəblər yaşayan bölgəsini ələ keçirmək və Ərəb çayına tam nəzarət
etmək istəyirdi. 1988-ci ildə müharibə atəşkəslə dayansa da, bu günə qədər
tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Müharibədən sonrakı siyasətin
hədəfi isə birbaşa İsrail idi. İran hakimiyyəti bu dövləti öz təhlükəsizliyinə
təhdid kimi görməyə başladı və dini, siyasi və hərbi cəhətdən İsraili hədələdi:
“Yanlış addım atacaqları halda İran Təl-Əviv və Hayfanı Yer üzündən siləcək”.
HƏMAS-ın İsrailə hücumu isə İrana 44 ildən sonra özünü göstərmək, güclü dövlət
olduğunu təsdiqləmək üçün yenə şərait yaratdı.
Regiondakı hadisələr beynəlxalq aləmdə qütbləşməni aydın şəkildə göstərdi.
İranın dünənki hücumu həm də dünya güclərinin Tehranın əli ilə ABŞ, İsrail və
müttəfiqlərinə qarşı müharibə kimi də qiymətləndirilə bilər. Ehtimal etmək olar
ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə
İsrailin və ABŞ-nin İran tərəfindən “cəzalandırılmasını” istəyiblər. Çünki son
günlər ABŞ-nin Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər
naziri Devid Kameron İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib.
Belə görünür ki, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə
aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən
husilər, Livandan“Hizbullah”, Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə
“Həşdi-Şəbi” fəaliyyət göstərməklə İrana dəstək verirlər. Başqa sözlə, Tehran
regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.
Yeri gəlmişkən, bu, 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-nin Sakit Okean
Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına gözlənilməz hücumu yada salır.
Yaponlar həmin hücumun acı nəticəsini təəssüf ki, günümüzədək yaşayır. İsrail
hökuməti də İrana cavabın ağır olacağını bildirir.
Dünyanın aparıcı gücləri hazırda Yaxın Şərqdə və Ukraynada elan olunmamış
dünya müharibəsi aparır. İranın 5 saatlıq hücumu regiona sabitlik deyil,
gərginliyin artması üçün yeni əsas verib. Azərbaycan dövləti bütün mürəkkəb
vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi
Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44
günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. İndi
bölgədə sülh və əməkdaşlıq kimi həyati vacib məsələlər müzakirə olunur. Rəsmi
Bakının yürütdüyü siyasət Azərbaycanı təhlükəsiz və iqtisadi baxımdan səmərəli
ölkəyə çevirib. Azərbaycan bu baxımdan bölgənin sabitləşdirici faktoru olaraq
çıxış edir. Həm Rusiya, həm də İran hazırda Azərbaycanın yürütdüyü siyasəti
dəstəkləyir.
Buna baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın
iştirakı ilə keçirilən məlum toplantıdan sonra Azərbaycanın narahatlığı əbəs
deyil. Bu toplantıya beynəlxalq səviyyədə sərt münasibət göstərilməməsi
gələcəkdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Yaxın Şərqdə baş
verən son hadisələrin də bizim regionda fərqli şəkildə təkrarlanması riski
artır. Odur ki, Azərbaycanın təhlükəsizlik və sabitlik modeli bütün beynəlxalq
aktorlar üçün nümunə olmalıdır.
“Report” İnformasiya Agentliyi