İranın nüvə prqoramına dair nazirlər görüşü nəticəsiz başa çatdı

Baxış sayı: 2. 462 dəfə baxılıb.

İranın nüvə prqoramına dair nazirlər görüşü nəticəsiz başa çatdı

Vyanada İranın nüvə proqramını dinc məqsədlər üçün istifadəsinə dair sazişlə bağlı nazirlər görüşü keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdə İranla sazişi imzalamış ölkələr (Rusiya, Fransa, Çin, Almaniya, Böyük Britaniya) xarici işlər nazirləri səviyyəsində təmsil olunub. Sazişdən birtərəfli qaydada çıxan ABŞ-ın xarici siyasət idarəsindən heç kim görüşə qatılmayıb.

Üç saat keçən görüş tutarlı nəticə əldə olunmadan başa çatıb. Sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini iştirakçılar adından birgə bəyanat səsləndirib. Bəyanatda nazirlər İranla bağlanmış nüvə razılaşmasının müddəalarına sadiqlik nümayiş etdiriblər.

Bəyanatda İranın öz öhdəliklərini tam və təsirli şəkildə həyata keçirməsinə dair sazişə sadiqlik ifadə olunub və bu ölkənin mübahisəli “Fordo” nüvə stansiyasını gələcəkdə nüvə fizikası və texnologiyaları üzrə mərkəzə çevirmək niyyəti alqışlanıb. Vurğulanıb ki, beynəlxalq sanksiyaların aradan qaldırılması nüvə razılaşmasının mühüm tərkib hissəsini təşkil edir. Buna görə də İranla iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, eləcə də bu ölkədən neft və qaz ixracına şərait yaradılmasına diqqət ayrılmalıdır. İştirakçı ölkələrin təmsilçiləri bütün səylərin nüvə razılaşmasının qüvvədə qalmasına yönəldilməli olduğunu da bəyanatda əks etdiriblər.

Növbəti görüşlə bağlı sualları cavabsız buraxan F.Moqerini mövcud problemlərin həlli istiqamətində tərəflərin qətiyyət göstərdiyini, xüsusilə ikitərəfli görüşlər çərçivəsində bu istiqamətdə danışıqların davam etdiriləcəyini bildirib.

www.ÇıxışYolu.Com