abccbbae-e9af-49c3-9d09-41ec1cad0c57..jpg

İranın “nüvə zəngi” 84-ə çatdı: Gözlənilən proseslər – ŞƏRH

Baxış sayı: 884 dəfə baxılıb.

İranın “nüvə zəngi” 84-ə çatdı: Gözlənilən proseslər – ŞƏRH

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi digər regionları da qanlı bir dalana
çevirmək üçün şərtlər formalaşdırır.

Bu şərtlərdən bərk-bərk yapışan İran Ukraynadakı müharibənin nəticələrindən
karlı çıxmaq üçün nüvə silahı əldə etməyə daha da yaxınlaşır.

İran uranı 84 faizə qədər zənginləşdirib, hərçənd ki, Tehran bu iddiaları rədd
edir. Ancaq İranın yalan danışmaq və həqiqətləri təhrif etmək potensiallarını
nəzərə alsaq, deyə bilərik ki, Tehran nüvə silahına yiyələnməyin bir
addımlığındadır.

İran nüvə silahı arsenalı yaratmaqda Çin və Rusiyanın yardımından istifadəyə
can atır, lakin onun rəqibləri Moskva və Pekinin oyundakı öhdəliklərini
balanslaşdırırlar.

Onsuz, əvvəldən də Çin və Rusiya İranın nüvə proqramını ikiəlli dəstəkləməyib
və bu istiqamətdə beynəlxalq birliyin səsinə səs veriblər.

Ancaq İran regionda və qlobal səhnədə təsirlərini genişlətməkdən ötrü Moskva
və Pekinin də maraqlarını arxa plana atmağa hazırdır, təki özü fəaliyyət
sferasını nəhəng ambisiyalara söykəyə bilsin.

Tehran düşünür ki, fürsət yaranıb, o, Qərbin Ukraynaya aludəçiliyi fonunda
maksimalist niyyətlərinə çata bilər.

İran belə niyyətini Ukraynadakı müharibədə Rusiyaya silahlar verməklə aydın
göstərir, hərçənd ki, bu ölkələr arasında hərbi-texniki əməkdaşlıq da mövcuddur.

Ancaq Ukraynadakı müharibədə Rusiyaya yardım etmək təcavüzü dəstəkləmək və
Moskvanın formalaşdırmaq istədiyi yeni nizama töhfə vermək kimi xarakterizə
olunur.

Tehran Rusiyanın yaratmaq istədiyi mümkün mənzərədə həlledici relyefdə
qərarlaşmaq istəyir, yəni onun Moskvaya hərbi dəstəyini hərbi alış-veriş kimi
deyil, strateji məqsədlər kimi anlamaq çətin deyil.

Lakin İran nə Rusiyadan, nə də Çindən yüksək profilli dəstək ala biləcək,
çünki iki nəhəng Tehranın şişib böyüməsində maraqlı deyil.

Təsəvvürümüzdə canlandıracağımız başqa bir amil İsrailin həm Rusiya, həm də
Çinlə əməkdaşlıq sferasıdır, yəni Moskva ilə Pekin Təl-Əvivin həlledici rolunu
Tehranın ayağına verməz.

Buna baxmayaraq, İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi azalmır, bu
məqamda İsrail Tehrana qarşı hərbi müdaxilə ssenarilərini hazırlayır.

İsrail ABŞ-ni də zərbə ssenarilərinə hazırlamalıdır, hərçənd ki, Vaşinqton
Tehranın nüvə bombalarına sahiblənməsinə həmişəkindən daha yaxın olduğunu başa
düşsə də, Təl-Əvivlə fikir ayrılıqları da yaşayır.

İsrail düşünə bilər ki, Tehranın nüvə silahı əldə etmək həddinə çatması Qərbin
rıçaqsız diplomatiyasının nəticəsidir.

İranı bombalamaqla bağlı ortaq dəyərlər çoxdur, ancaq hesab etmək olar ki,
Vaşinqton Təl-Əviv qədər səbirsiz davranmağa üstünlük vermir.

Səbəb aydındır – ABŞ hələ İran cəbhəsini aktivləşdirib əlavə problemlərə boyun
olmaq istəmir.

PROQNOZLAR:

İsrail İrana qarşı beynəlxalq səylərin praktiki əhəmiyyətini gücləndirmək üçün
Tehranın məxfi planlarına çıxış əldə edəcək.

Əldə olunacaq dəlillərlə beynəlxalq ictimaiyyəti daha böyük təhdidlərin gələ
biləcəyinə inandıracaq.

İsrail Rusiya-Çin-İran orbitinin oxunu zədələmək planlarını Qərbin həmin
üçlüyə qarşı maraqları fonunda inkişaf etdirəcək.

İsrail İranın bombalanmasına zəmin yaradacaq faktları Tehranın digər
rəqiblərinə ötürəcək və İslam Respublikasının legitim hərbi hədəf olması üçün
çoxvektorlu dəstək qazanmağa cəhd edəcək.

Aqşin Kərimov

Source link