3c3e1357-f605-48eb-88ae-31e13a846d50..jpg

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Baxış sayı: 487 dəfə baxılıb.

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilənlərin
məhkəməsi başlayır

İranda yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə
təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov,
Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəməsi başlayır.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib və hakim Şəlalə Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən
maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində
sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının
alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib.
Bu barədə hər üç dövlət qurumu birgə məlumat yayıb.

Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə
əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif
Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində
silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın
konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə
idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə”
yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi
təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və
İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi
gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini
həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri
istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat
veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa
cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə”
dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla
Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini
vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar
İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial
şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini
radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq
ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə
yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik
vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini
məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq
fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Source link