1029024e-5806-47b7-85a9-ff4104be21dc..jpg

“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” – RƏY + FOTO

Baxış sayı: 941 dəfə baxılıb.

“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” – RƏY + FOTO

“İranın Azərbaycana qarşı siyasəti son iki ildə formalaşmayıb. Tehran 44
günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb,
ərazilərini Ermənistana silah tədarükü üçün açmışdı. Üstəlik, onlar Vətən
müharibəsindən sonra da ermənilərə yanacaq tədarükündən tutmuş siyasi dəstəyə
qədər yardım göstəriblər. Amma unutmamalıyıq ki, Tehranın bu yanaşmasını
müstəqillik əldə etdiyimiz ilk gündən görürük. İran və Ermənistan rəhbərlərinin
qarşılıqlı səfərləri, görüşüb qol-boyun olmaqlarını unutmamışıq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev
Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı deyib.

Onun sözlərinə görə, Vətən müharibəsinədək İran bu siyasətini qonşuluq və din
birliyi ilə pərdələyirdisə, savaş günləri Ermənistana verilən dəstək aşkar
xarakter almışdı:

“Təsəvvür edin ki, özünü müsəlman dövləti adlandıran İran ərazisindən
Ermənistana silah ötürülməsinə hər cür şərait yaratmışdı. O vaxt bu barədə
parlamentdə də bəhs etmişəm. Həmin silahlardan müsəlman azərbaycanlılar
öldürülürdüsə, İran hansı üzlə din qardaşlığından, müsəlman birliyindən,
mehriban qonşuluqdan danışır?”

Deputat hesab edir ki, 2020-ci ilin müharibəsindən sonra Qarabağdakı
separatçılara Ermənistan nömrələri ilə yanacaq göndərən qüvvələrlə
səfirliyimizə hücum təşkil edənlər eynidir:

“İran sərhədimizdə Araz çayının keçilməsini də nəzərdə tutan təlim təşkil
edib. Bununla hansı ölkənin təhdid edildiyi aydındır. İndi həmin hərbi
təlimlərlə səfirliyimizə edilmiş hücum arasında fərq varmı? Məncə, fərq yoxdur.
Hər iki halda bizi qorxutmaq istəyirlər. Lakin bununla heç nəyə nail
olmayacaqlar”.

E.Allahverdiyevin fikrincə, İranın keçmiş hakimiyyətləri də erməni həmkarları
ilə sıx münasibətdə olublar:

“Ancaq İranın yeni hökuməti Azərbaycana daha aqressiv yanaşır. Ermənistan və
İran liderləri əvvəllər də mehriban olublar. Amma hazırkı İran hakimiyyəti,
özünün tez-tez təkrarladığı kimi, “qırmızı xətt”i keçib. Məsələn, Nikol
Paşinyanın arvadını İrana dəvət edib, təmtəraqla qarşılayıb məscidləri
gəzdirirlər. Lakin gözlərinin qarşısında Azərbaycan məscidləri ermənilər
tərəfindən dağıdılan, onlarda donuz saxlanılan zaman səsləri çıxmırdı. Əksinə,
Şuşadakı məscidimizi “İran məscidi” adı altında “təmir” edirdilər. Ancaq bundan
bir neçə kilometr məsafədə onlarla məscidimizin təhqir edildiyini qulaqardına
vururdular”.

Deputat hesab edir ki, terror aktı üçün seçilmiş gün də təsadüfi olmayıb:

“Şəhərin bir tərəfində Azərbaycan səfirliyinə hücum edilir, digər hissəsində
isə ermənilərin mitinqinə icazə verilir. İranda etiraz edən şəxsləri qaldırıcı
kranlardan asır, həbs edirlər. Amma bu ölkədə onsuz da açıq olan Laçın yolunun
açılması tələbi ilə mitinq keçirən ermənilərə hər cür şərait yaradılıb. Lakin
zamanı gələndə ermənilər bütün sahiblərinə naxələflik etdikləri kimi, İrana da
qapını göstərəcəklər. Avropanın iki min nəfərlik hərbi müşahidəçisi düz iki
illik müddətə Ermənistana yerləşdiriləcək. İran onların Ermənistana təkcə
Azərbaycana görə göndərilmədiyini başa düşmürmü?”

Source link