İran ətrafında gərginlik artmaqda davam etsə də, İİR istənilən ssenariyə hazır olduğunu nümayiş etdirərək inanılmaz təmkin göstərir. Belə ki, ötən gün İranın İraqdakı səfiri İrac Mascedi ABŞ-ın İrana zərbə vuracağı təqdirdə İran silahlı qüvvələrinin, o cümlədən, İraqın hücumuna məruz qalacağını bildirib:
“Biz sərt cavab verəcəyik və həm İraqdakı, həm də başqa ərazilərdəki ABŞ qüvvələrini bombalayacağıq” (“Anadolu” agentliyinin sitatı).
İranlı analitik Əhməd Nasser Vahşiteh Media.Az-a verdiyi müsahibədə İran və İraqın iki dövlət arasında 30 il əvvəl başa çatan səkkiz illik müharibəyə baxmayaraq, yaxşı münasibətlər yaratdığını açıqlayıb:
“İran İraqın və bütövlükdə bölgənin təhlükəsizliyini təmin edir. Biz təhdidin məhz ABŞ olduğuna inanırıq. Amma mən əminəm ki, Vaşinqtonda İran üçün hər hansı problem olacağı təqdirdə bunun bütün bölgənin probleminə çevriləcəyini bilirlər”.
Müsahibimiz İranın hər zaman Yaxın Şərqdə sülh olmasını istədiyini vurğulayıb:
“Rusiya, Suriya və İraqın da istədiyi budur. Səudiyyə Ərəbistanının isə xüsusi mövqeyi var: nə müharibə istəyirlər, nə də sülh”.
Əhməd Vahşitehin sözlərinə görə, ABŞ İrana hücum edərsə, ağır cavab alacaq:
“İranın ölkə xaricində əməkdaşlıqları var. Onlar Livanda, İraqdadır və reaksiya verəcək. Əlbəttə, hər kəs bölgədə sabitliyi qorumaq istəyir. Heç kim müharibə istəmir”.
– Bəs hər hansı gərginlik olarsa, bu, İranın şimal qonşularına, o cümlədən, Azərbaycana necə təsir edəcək?
– İran Prezidenti Həsən Ruhani qonşuların İran üçün çox vacib olduğunu, əsas vəzifəsinin isə qonşuluq münasibətlərini yaxşılaşdırmaq və qorumaq olduğunu söyləyib. İranın yalnız Səudiyyə Ərəbistanı və İsraillə problemləri var, amma vurğulayıram ki, gərginliyi yaradan Tehran deyil.
İran üçün Azərbaycanla münasibətlər isə çox vacibdir. Tehran təhlükəsizlik, sülh və iqtisadi əlaqələr istəyir. Buna da yalnız qonşularla nail olmaq olar.