b46c575a-b65c-489b-9ad5-b0d64001b5ea..jpg

İranlı narkobaronun Azərbaycan üzərindən planlaşdırdığı əməliyyat baş tutmadı – FOTO/VİDEO

Baxış sayı: 897 dəfə baxılıb.

İranlı narkobaronun Azərbaycan üzərindən planlaşdırdığı əməliyyat baş tutmadı
– FOTO/VİDEO

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən,
daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya
göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı
əvvəllər məhkum olunmuş Bəhruz Beybudov, onun başçılıq etdiyi dəstənin üzvləri
– Əlifağa Hadıyev və Samir Abdullayev – tutulublar. Əlifağa Hadıyevin idarə
etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının
tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış
keçirilib.

Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin,
10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri
şəxsiyyəti istintaqla araşdırılan, “Əsgər” adı altında pərdələnən İran
vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə
ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər.

Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmağı, həm də Samir
Abdullayevin yük maşını ilə Avropa ölkələrinə göndərməyi planlaşdırıblar. Həmin
narkobaronun ölkədəki əsas dayaqları – Bəhruz Beybudov, Əlifağa Hadıyev və
Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik.

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal
yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər üç şəxs
barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.


Source link