c44f19c6-1b46-46a7-916a-1c2ef6475dd3..jpg

İranlı rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb

Baxış sayı: 874 dəfə baxılıb.

İranlı rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb

Həbsdə olan iranlı rejissor Cəfər Pənahi “məhkəmə və təhlükəsizlik
qüvvələrinin qeyri-qanuni və qeyri-insani davranışı” səbəbindən müddətsiz aclıq
aksiyasına başlayıb.

Tehranın Evin həbsxanasında 6 il cəza çəkən kinorejissor deyib ki, onun həbsi
“məhkəmə hökmünün icrasından çox banditizm və girov götürməyə bənzəyir”.

O, etiraz olaraq təkcə yemək və içkilərdən deyil, dərmanlardan da imtina
edəcəyini vurğulayıb. Pənahi həbsdən azad olunmasını tələb edir.

Xatırladaq ki, 2022-ci ilin yayında Pənahiyə 6 il həbs cəzası verilib. Hökm
hələ 2010-cu ildə, kinorejissor rejim əleyhinə təbliğat aparmaqda və milli
təhlükəsizliyə zərbə vurmaqda ittiham olunanda çıxarılıb. Lakin rejissor
həbsxanaya getməyib, ev dustaqlığında cəza çəkib. Onun 2030-cu ilə qədər
ölkədən çıxışı, ssenari yazması və film çəkməsi də qadağan edilib.

Qeyd edək ki,Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən
biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə,
“Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan
əlavə, 2000-ci ildə Pənahinin “Dairə” əsəri Venesiya kinofestivalında beş
mükafat qazanıb.

Mənbə: lenta.ru

Source link