“İraq İslam Müqaviməti” hərəkatına mənsub radikal birləşmələr pilotsuz uçuş
aparatları (PUA) vasitəsilə İsrailə üç hücum həyata keçirib.
Cixisyolu.com -ın xəbərinə görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat
verib.
Telekanal qeyd edir ki, “İraq İslam Müqaviməti” işğal altındakı Colan təpələri
və İsrailin şimalındakı həyati əhəmiyyətli hədəflərə, eləcə də ölkənin
cənubundakı hərbi obyektə PUA zərbələri endirib.
Qeyd edək ki, daha əvvəl qruplaşma öz “Telegram” kanalında PUA-dan istifadə
etməklə işğal olunmuş ərazilərin cənubundakı hərbi obyektə hücum etdiyini
bildirmişdi.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS hərəkatının
yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış
məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsi
nəticəsində bölgədə vəziyyətin gərginləşməsindən sonra İraqdakı radikal qruplar
öz fəallıqlarını artırıb.
İsrail Qəzzanın tam mühasirəyə alındığını elan edərək, əraziyə, eləcə də
Livanın və Suriyanın ayrı-ayrı bölgələrinə zərbələr endirməyə başlayıb, bundan
sonra isə anklavda quru əməliyyatına başlayıb.
İranın dəstəklədiyi “İraq İslam Müqaviməti” Qəzza və Livana hücumlarını
gücləndirən İsrailə qarşı hücumlarını artırıb. Fələstin və Livan xalqı ilə
həmrəylik nümayiş etdirdiyini bəyan edən qruplaşma, həmçinin İraq və Suriyadakı
ABŞ hərbçilərinə qarşı da vaxtaşırı raket və PUA hücumları həyata keçirir.