İraq prezidenti Azərbaycan səfirini qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan
Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.
Məlumatı Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov özünün “X” hesabında
paylaşıb.
Diplomatımız qeyd edib ki, söhbət zamanı Əbdüllətif Camal Rəşid cari il martın
1-3-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı çərçivəsində
Azərbaycana səfəri və Prezidentİlham Əliyevlə keçirdiyi görüşü xoş təəssüratla
xatırlayıb.
Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn
xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost
dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.
İraq prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil
sahələrində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının
olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini
vurğulayıb.
Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycan
və İraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.
Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.