Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Elvira Ələsgərova və Zəngilan rayon sakini Çinarə Bəhlulzadənin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib.
Belə ki, paytaxtda Tibb Universitetində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonu ərazisindəki barda görüşüb. Daha sonra qurulmuş plana görə onların arasında narazılıq yaranıb, C.Biyar bardan küçəyə çıxıb, orada isə Anar Kərimov və digərləri zərərçəkmişi döyərək, ondan 400 manat pul alıblar.
Zərərçəkmiş polis müraciət etdikdən sonra qısa zamanda Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxsləri saxlayaraq, istintaqa təqdim ediblər.
İstintaqın gedişatında məlum olub ki, dəstə üzvləri bundan əlavə İraq vətəndaşının qaldığı mənzildən 30.000 manat oğurlayıblar. Həmçinin 2016-cı il noyabrın 11-də Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov və Anar Kərimov Yasamal rayonunda Bakı şəhər sakini Mais Hacıyevə məxsus “Niva” markalı avtomaşından maqnitofon, geyim və məişət əşyaları oğurlayıblar.
Məhkəmə prosesində Anar Kərimova 13 il, Fəqan Abdullayevə 12 il 6 ay, Nurlan Məmmədova, Kamran Vahabova 12 il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadəyə 10 il, Vahid Cəfərzadəyə 4 il və Fəxrəddin Hüseynova 3 il cəza təyin edilməsini xahiş edib.
Növbəti prosesdə təqsirləndirilən şəxslərin son sözləri dinləniləcək və vəkilləri çıxışı olacaq.