İrina İrbitskaya: “Azərbaycanın quraq iqlim şəraitində yaşamaq təcrübəsi var”
– MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yer kürəsində iqlim sürətlə dəyişir. Mütəxəssislərin hesablamalarına görə,
2023-cü ildə havanın orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə
müqayisədə 1,48 Selsi dərəcəsi yüksək olub. Bu da iqlim dəyişikliyi barədə
müzakirələri xüsusilə aktual edir. Bildiyiniz kimi, bu il Bakıda BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası
(COP29) keçiriləcək.
Bununla əlaqədar şəhərsalma və memarlıq üzrə beynəlxalq məsləhətçi İrina
İrbitskaya(Paris) 2022-ci ilin də isti keçdiyini və Avropada bu səbəbdən 61 672
nəfərin həyatını itirdiyini xatırladıb. Ölümə səbəb olan istilər İrina
İrbitskayanın martın 7-də onlayn mühazirəsinin mövzusu olacaq.
Ekspert hesab edir ki, Avropa şəhərlərinin həddindən artıq istilərə tab
gətirməkdə minillik təcrübələri yoxdur. Məhz İrina İrbitskaya “arid relyef”,
“arid memarlıq” və “arid urbanistika” (arid iqlim – havanın temperaturunun
yüksək olduğu iqlim – red.) anlayışlarını gətirib.
Cixisyolu.com-a müsahibəsində İrina İrbitskaya ilk növbədə qeyd edib ki, iqlim
dəyişikliyi ilə bağlı mühazirəsini “İstilik” adlandırması təsadüfi deyil,
növbəti mühazirənin adı isə “Daşqınlar” olacaq.
– Bizə içində olduğumuz vəziyyəti təsvir etmək üçün yeni bir dil lazımdır. Və
bu dil insana daha yaxın olmalıdır. Çünki insanlar “iqlim dəyişikliyi”
ifadəsini eşitdikdə bu onları elə də narahat etmir, çünki bu ifadə onlar üçün
çox az məna kəsb edir. Bu, astronomik hadisə kimi, “planetlərin paradı”
kimidir. İnsan “istidən öləndə” demir ki, “iqlim dəyişikliyindən ölür”.
Bakıdakı COP29 sessiyasında haqqında danışılacaq iqlim dəyişikliyi də çox
mühüm mövzudur.
– Deyə bilərsinizmi, yeni təhlükələr, ilk növbədə, istilər fonunda memarların
qarşısında hansı məsələlər dayanır?
– İstilik qlobal problemdir. Şəhərsalma və memarlıq istiliyə qarşı mübarizədə
əsas alətlərdir. Onların vəzifəsi şəhərlərimizi istidən qurtulmaq üçün adalara
çevirməkdir. Arid memarlıq və arid urbanistika – əlçatan aşağı texnologiyalar
sistemidir (“low tech”).
Yüksək texnologiyalar (“high tech”) sistemi üstün olsa da, onların tətbiqi
böyük xərc tələb edir. Çünki son istifadəçilərin əhəmiyyətli bir hissəsi bu
sistemdən istifadə etmək üçün müvafiq səriştəyə malik deyil. Aşağı
texnologiyaların istifadəsi zamanı belə xərclərə ehtiyac olmur.
Gələcəkdə beynəlxalq inkişaf artıq təkcə pul və texnologiyanın inkişaf etmiş
ölkələrdən inkişaf etməkdə olanlara transferi ilə deyil, hər iki istiqamətdə
mübadilədən ibarət olacaq. İsti hava şərtlərinə tab gətirmək təcrübəsi inkişaf
etməkdə olan ölkələrin arid relyef fonunda qurduqları həyat tərzində özünü
göstərir, çünki onların əksəriyyəti quraq bölgələrdə yerləşir.
– Bununla bağlı nümunələr göstərə bilərsinizmi?
– Məsələn, su qıtlığının yaşandığı Özbəkistanın Kaqan şəhəri Buxara vahəsi və
genişlənən səhranın sərhədində yerləşir. Faktiki olaraq bu şəhər aqropolis
modelinə görə yaşayır, yəni kənd təsərrüfatı əraziləri üçün xarakterik olan
qida istehsalı ilə məşğuldur. Qızmar Günəş altında, su çatışmazlığı şəraitində
sakinlər şəhərdə, fərdi evlərə məxsus kiçik sahələrdə meyvə-tərəvəz yetişdirir,
ev heyvanları və quş saxlayırlar. Şəhər sakinlərinin 70%-i bu işlə məşğuldur.
Yəni sakinlərin 70%-nin isti hava şəraitində fəaliyyətlə bağlı səriştəsi var və
onlar arid relyefdə təsərrüfat qurublar. Dünyanın belə bacarıqlara ehtiyacı
var. Bunlar Mərkəzi Asiyada minilliklər ərzində formalaşmış əlçatan aşağı
texnologiyalardır. Kaqanda həyat tərzi ilə bağlı araşdırmalar zamanı kəşf
etdiyimiz şəhər arid kənd təsərrüfatı modeli isə şəhərlərin inkişafı üzrə
beynəlxalq agentlərin axtardığı şeydir.
Kaqanın və ümumilikdə Orta Asiyanın arid memarlığı tam olaraq bina deyil. Bu,
metamemarlığın prototipidir ki, burada bina və onu əhatə edən xarici məkan –
daş divarla əhatə olunmuş həyət və eyvan – vahid memarlıq obyektini
formalaşdırır. Həyət və eyvan memarlığın “məsamələri”dir ki, təkcə insanları
deyil, həm də bitkiləri və heyvanları istidən qoruyur. Bu, şəhərin arid
vahididir.
– Sizcə, Azərbaycan arid memarlıqdan və aşağı texnologiyalara əsaslanan arid
şəhərsalmadan istifadə etməlidirmi?
– Düşünürəm ki, bəli. Və hesab edirəm ki, Azərbaycanda arid iqlim şəraitində
həyatla bağlı dərin təcrübə mövcuddur.
Yeri gəlmişkən, bunu sıx fəaliyyət apardığım Orta Asiyanın hər yerində
görürəm. Yeni tikintilər – dünyanın istənilən nöqtəsində rast gələ biləcəyiniz
universal müasir memarlığın versiyalarıdır. Problem burasındadır ki, bu, nəinki
arid iqlim üçün yararsızdır, həm də şəhərlərdə həddindən artıq istiləşməyə
gətirib çıxarır. Bir çox digər səhvlər arasında kiçik bir detal: bunlar
mükəmməl cilalanmış plitələrlə örtülmüş fasadlar, Günəş düşən tərəfdə olan
şüşəli qalereyalardır. Bütün bunlar ideal istilik toplayıcılarıdır. Arid
memarlıq və arid urbanistika isə insanları həddən artıq qızmar havada işləyə
bilməyən kondisionerlərdən daha yaxşı sərinlədə bilər.
– Bəs beynəlxalq konfranslarda arid urbanistika müzakirə olunurmu? İnsanların
artıq iqlim dəyişikliyini öz üzərilərində tam şəkildə hiss etdiklərini nəzərə
alsaq, bu nə dərəcədə vacibdir?
– Hələ müzakirə olunmur. Lakin artıq vaxtı gəlib. Əlbəttə, Bakıda keçirilən
COP29 kimi əlamətdar tədbirdə memarlığın insanları və təbiəti yüksəlməyə davam
edən istidən necə qoruya biləcəyi ilə bağlı sual qaldırıla bilər. Bu mövzu
artıq sırf klassik arid bölgələrə aid məsələ deyil. İstilik artıq bir vaxtlar
mülayim iqlimə malik olan Avropaya gəlib və hərəkətini davam etdirir.
Nair Əliyev