c592364f-fa64-44a2-8e74-a5b163cfc7fd..jpg

İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” – MÜSAHİBƏ

Baxış sayı: 665 dəfə baxılıb.

İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) bu günlərdə Macarıstanın paytaxtı
Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Olimpiadanın
gümüş mükafatçısı 2018 və 2021-ci illərdən sonra yenidən bu titula yiyələnərək,
üçqat dünya çempionu olub. 27 yaşlı idmançı karyerası ərzində həmçinin iki dəfə
Avropa çempionu olub, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının
hərəsini iki dəfə qazanıb.

İrina Zaretska “Report”a müsahibəsində mundialla bağlı təəssüratlarını bölüşüb.

– Ardıcıl 3-cü dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

– Bu, mənim üçün tarixdir! Bu səviyyəyə və nəticəyə nail olduğuma görə
inanılmaz dərəcədə xoşbəxtəm. Ardıcıl üç dəfə dünya çempionu olmaq təsadüfi
deyil. Bu, nə qədər iş görüldüyünü və hansı nizam-intizamın olduğunu göstərir.
Çünki karatedə dünya çempionatı iki ildən bir keçirilir.

– Ən çətin görüşünüz hansı oldu?

– Əlbəttə ki, ən vacib döyüşlər yarımfinal və finalda oldu. Çünki həmin
mərhələlərdə artıq var gücünü ortaya qoymalı, son saniyəyə qədər döyüşməlisən.

– Son vaxtlar karatedə maliyyə problemləri yaşanır. Yığmanın 18 nəfərlə
qatıldığı mundialda cəmi bir qızıl medal qazanmasını bununla əlaqələndirmək
olar?

– Səbəb təkcə maliyyə problemi deyil, həmçinin komandanın idarə olunmasıdır.
Təəssüf ki, bu il nədənsə bununla bağlı problem yaşayırıq.

– Karateyə başlayanda üç dəfə dünya çempionu olacağınızı xəyal edirdiniz?

– Karateyə yeni başlayanda hətta normal danışa bilmirdim. Ancaq nə qədər irəli
getsəniz, iştahanız bir o qədər artır. Mən həmişə ən yaxşı olmaq istəmişəm.

– Karate yalnız Tokio-2020-də olimpiadanın proqramına salındı və gümüş medal
qazandınız. Karatenin olimpiya idman növü sayılmaması sizi üzmür?

– Karate ilə bağlı çox planlarım var. Bu idman növünün yaxın gələcəkdə
olimpiadanın proqramına salınmaması məni çox təəssüfləndirir və incidir. Axı
bizim böyük rəqabət içində olan möhtəşəm, kütləvi idman növümüz var. Fikrimcə,
hətta olimpiya proqramındakı idman növlərindən də çox rəqabət hökm sürür. Buna
baxmayaraq, Avropa, dünya səviyyəli yarışlar, İslam Həmrəyliyi Oyunları
keçirilir. Yəni, biz varıq. Azərbaycan dünyanın ən güclü 10 karate ölkəsi
sırasında yer alır. Hesab edirəm ki, qarşıda duran vəzifələrdən biri ölkəmizdə
karateni daha da inkişaf etdirməkdir. Təsadüfi deyil ki, karatenin yer aldığı
ilk olimpiadada iki gümüş medal qazandıq. Səhv etmirəmsə, bu, həmin vaxt
olimpiadanın ən yaxşı nəticələrindən biri idi.

Source link