3892df82-ec08-425f-9875-d1e9d9f38ea6..jpg

İş elanlarının yeni “maksimum 27 yaş” qaydası: QANUNSUZDUR! – ARAŞDIRMA + FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

İş elanlarının yeni “maksimum 27 yaş” qaydası: QANUNSUZDUR! – ARAŞDIRMA + FOTO

Sosial şəbəkələrdə tez-tez müxtəlif iş elanları yerləşdirilir, fərqli
vakansiyalar üzrə ümumi paylaşımlar edilir. Son zamanlar həmin elanlarda diqqət
çəkən bir məqam isə iş axtaran vətəndaşların narahatlığına, hətta narazılığına
səbəb olub.

Bununla əlaqədar Cixisyolu.com-a müraciət edən oxucular da şikayətləniblər.
Vətəndaşların narazılığına səbəb olan isə iş elanlarında “maksimum 27 yaş
limiti”nin qoyulmasıdır. Bəzi hallarda şirkətdən, vəzifədən, hətta ştatdan
asılı olmayaraq, yaşı 27-dən çox olan namizədlərin müraciət etməməsi haqqında
bildiriş vurğulanır.

Maraqlıdır, sahibkarların bu tələbi qanunauyğundur? İşəgötürən yaş limiti
qoymaqda sərbəstdir, yoxsa bu qanunla tənzimlənir?

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Cixisyolu.com-ın sorğusuna
cavab olaraq bildirilib ki, işəgötürənlər vakansiyalar elan edərkən işin
xarakterinə görə müxtəlif tələblər (müvafiq sahədə ali təhsil, hərbi xidmət
keçməsi və s.) müəyyən edə bilər.

“Lakin bu tələblər qanunvericiliyə zidd olmamalıdır. On beş yaşına çatmış hər
bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Dövlət büdcəsindən
maliyyələşən müəssisələr istisna olmaqla digər hallarda işçilər işə qəbul
edilərkən yuxarı yaş həddi məhdudiyyətinin qoyulması yolverilməzdir, belə ki,
dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyən işçilər üçün çalışmanın
yaş həddi 65 yaşdır. Həmçinin işəgötürən işçinin müvafiq yaşayış məntəqəsində
qeydiyyatının olması tələbini də qoya bilməz”, – deyə DƏMX-nin cavabında
vurğulanıb.

Qurumun məlumatında o da qeyd edilib ki, işçilərlə əmək müqaviləsi bağlamaq,
şərtlərini dəyişmək və xitam vermək işəgötürənin hüququdur. İşəgötürənin bu
hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi
yolverilməzdir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib
Məmmədovun fikrincə, normal qurum iş elanlarında niyə yaş limitinin
vurğulanması anlaşılmazdır:

“Bəzi qurumlar sanki kadr bankı deyil, gənclər təşkilatı yaradırlar. Onlara
işçi lazımdır, yoxsa gənclər birliyi? Əvvəlki illərdə iş elanlarında daha çox
peşəkarlığa görə tələb qoyurdular, bunu haradasa anlamaq olar. Amma maksimum
yaş tələbi olaraq, xüsusilə, 27 yaş tələbi niyə olmalıdır? Hesab edirəm ki, bu
cür elan verənlərin məqsədləri aydın deyil. Normal biznesdə belə məntiqdən uzaq
tələblər yoxdur. Əksinə, elə peşəkar, ciddi, nüfuzlu biznes qurumları var ki,
daha çox təcrübəli, idarəetmə qabiliyyəti olan qocaman işçilər axtarırlar.

İş elanlarında namizədlərə “27 yaşa qədər olmalıdır” tələbi qoyulması tamamilə
qanunsuzdur. Yaşa və cinsə görə məhdudiyyət yalnız qanunvericilikdə müəyyən
olunmuş hallarda qoyula bilər, qalan hallarda bu, ayrı-seçkilik sayılır və
məsuliyyət yaradır”.

Sahib Məmmədov onu da qeyd edib ki, namizədlər bu şikayətlə aidiyyəti
qurumlara müraciət etdikdə, əksər hallarda haqlı olduqlarını sübuta yetirə
bilmirlər:

“Çünki tutalım, elan verirlər, yaşı 27-dən çox olan şəxslər müraciət etməsin.
45 yaşı olan şəxs müraciət edir, götürmürlər, amma bunun yaşla əlaqədar
olduğunu da etiraf etmirlər. Digər hansısa əsaslar gətirilir, sübut edilməsi
mümkün olmur. Əksər şirkətlər müxtəlif bəhanələrlə, “sizə məlumat verəcəyik”
deyərək, işçiyə dolayı “yox” cavabı verir. Ona görə də, yaşına görə işə
götürülməyən namizəd məhkəməyə müraciət etsə belə, haqsızlığı sübut etməkdə
çətinlik çəkir”.

Aysel Aslan

Source link