7b9bb604-2ae9-4042-bdcc-df2675f11d12..jpg

İşçi Qrupu: “Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir”

Baxış sayı: 1. 383 dəfə baxılıb.

İşçi Qrupu: “Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir”

“Oxçuçay İşçi Qrupu olaraq təxminən bir il ərzində Oxçuçayda və ətraf
ərazilərində bir neçə məntəqədə ekoloji monitorinqlər həyata keçirmişik”.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi, Oxçuçay İşçi Qrupunun üzvü Sübahət İsgəndərov
bildirib. Onun sözlərinə görə, ekoloji monitorinqlər zamanı Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyinin
bir sıra elmi-tədqiqat institutları, “Azərsu” ASC və digər təşkilatlar iştirak
ediblər:

“Monitorinqlər iki istiqamətdə aparılıb – fiziki-kimyəvi və bioloji
göstəricilər üzrə. Monitorinqlərin ilk nəticəsi budur ki, çirklənmələrin əsas
mənbəyi Qafan şəhəri ətrafında olan mədən sənayesi elementlərinin tullantıları
və məişət tullantılarıdır. Bütün çirklənmə dərəcələri monitorinqlər nəticəsində
müəyyənləşdirilib. Burada işlərin əsas həcmi fiziki-kimyəvi çirklənmələrin
öyrənilməsindən gedir. Daha sonra bioloji tədqiqatlar da aparılıb.
Fiziki-kimyəvi çirkləndirmələr üzrə göstəricilərin sistemləşməsinə başlamışıq.
Bunun nəticəsində yaxın 10 il üçün proqnozları vermək istərdik.

Eyni zamanda müəyyən edilib ki, istər ağır metallar, istərsə də məişət
tullantıları ilə çirkləndirmələrin göstəricisi olduqca yuxarıdır. Bu, belə
nəticəyə gəlməyə əsas verir ki, Oxçuçay Ermənistan tərəfindən ekoloji terrora
məruz qalır. Özü də bu, düşünülmüş terrordur. Onlar bunu edirlər ki, biz çayın
suyundan istifadə edə bilməyək. Amma biz də öz növbəmizdə alınmış bütün
göstəriciləri, əsasən də fiziki-kimyəvi göstəricilərin nəticələrini
sistemləşdirərək Oxçuçayın suyunun müəyyən qədər yaxşılaşdırılması, əsas da
kənd təsərrüfatlı təyinatlı istifadəsi üçün metodologiyanın prinsipial
əsaslarını işləmişik. Metodologiyanın prinsipial əsaslarını işləyəndə, əsasən,
iki aparıcı mərkəzin təcrübəsindən istifadə etmişik – birincisi, Almaniyanın
Franhauzer Tədqiqatlar Mərkəzi, ikincisi isə Amerika Layihə Standartlarından
istifadə etmişik”.

Source link