İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan generala baş çəkib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq Baş İdarəsində saxlanılan Naxçıvan Muxtar Respublikasının Penitensiar
Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənova baş çəkib.
“Report” xəbər verir ki, başçəkmədə komitənin sədri Tural Hüseynov, sədr
müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov iştirak ediblər.
T.Həsənov saxlanma şəraitindən razı olduğunu söyləyib. O, gigiyena vasitələri,
dərman preparatları ilə təmin edildiyini bildirib.
Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi
Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə
külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
Hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi
ilə onun məhkəməsi davam edir. Naxçıvana gediş-gəlişlə əlaqədar olaraq proses
onlayın keçirilir.