İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla
bilər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl
texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı
əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 6-cı iclası keçirilib.
Cixisyolu.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, İşçi Qrupun sədri, nazir Pərviz Şahbazov Prezident İlham
Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həllərinin
tətbiqi istiqamətində görülən işlərə, digər qabaqcıl texnologiyalarla yanaşı bu
ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması
zərurətinə diqqət çəkib. O, ölkəmizdə yaşıl enerji zonalarının yaradılması
istiqamətində həyata keçirilən tədbirlərin cari ildə COP29 beynəlxalq
konfransının Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyətini bir daha
vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıl
enerji zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin
icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İşçi Qrupun
5-ci iclasında qəbul edilmiş qərarların icrasına dair İşçi Qrupun Katibliyinin
hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və
enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair
hesabat təqdim edilib.
Həmçinin yaşıl enerji zonasında tətbiq edilən müvafiq komponentlərin resurs
bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, işğaldan azad edilmiş
ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata
keçirilmiş tədbirlər barədə məlumat verilib, gündəlikdən irəli gələn digər cari
məsələlərlə bağlı yerinə yetirilmiş və icrası nəzərdə tutulan işlər müzakirə
edilib.
İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad
edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və
İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Dövlət Neft Şirkətinin
(SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, “Azəristiliktəchizat” ASC-nin, Mənzil
İnşaatı Dövlət Agentliyinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun
nümayəndələri iştirak ediblər.