İŞİD Moskvadakı terroru törətməyə qadir idi? – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü
mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir:
– Rusiya “İslam dövləti”nin (İŞİD) bu terrorda əli olmadığı təbliğatını
apararaq diqqəti Ukraynaya yönəldir,
– Ukrayna bu terrorda əli olmadığını bəyan edir,
– İŞİD hadisəni törətdiyini car çəkir,
– Qərb İŞİD faktoru üzərində dayanır.
Terrordan sonrakı geosiyasi genişlənmə sahəsi üçün müxtəlif bəhanələr
tapılacağı şübhəsizdir və terrorla mübarizə adı altında Yaxın Şərq, Mərkəzi
Asiya regionlarında rəqabətin qızışacağı istisna deyil.
Amma indi vacib bir nüans ortaya çıxır: “Crocus City Hall” konsert zalında
törədilən qanlı hadisənin hansı qüvvə tərəfindən idarə edilməsindən asılı
olmayaraq, İŞİD qlobal təhdid kimi imicini bərpa etmək üçün təbliğat fürsəti
qazanır.
Bəs zəif düşmüş və dar bir küncə sıxışdırılmış İŞİD bu cür səs-küylü terror
törətməyə qadir idimi?
İŞİD 2023-cü il ərzində, əsasən, Suriya, Pakistan və Əfqanıstanda aktiv
fəaliyyətə əl atıb və 2024-cü ilin ilk aylarında İranın Kirman şəhərindəki
terrora görə məsuliyyəti üzərinə götürüb.
Düzdür, İŞİD-in müstəsna çəkindirici qabiliyyətə malik hücumlar təşkil etmək
gücündə olması o qədər inandırıcı səslənməyə bilər.
Lakin Rusiyadakı terrorun icraçı olaraq arxasında, həqiqətən, İŞİD dayanıbsa,
onda qeyd etmək olar ki:
– İŞİD-in Rusiyada dar mövcudluq dairəsi bir qədər genişlənib,
– İŞİD Rusiyada “iz qoyduqdan” sonra təhdid olaraq genişlənməsi üçün Qərbin
maraqlarına qarşı da əməliyyatlar keçirə bilər.
Deməli, İŞİD-in hazırda dar çərçivədə küncə sıxılmış kimi görünən əlamətləri
kənara çıxa biləcək ambisiyalara malikdir.
Bu, onunla əlaqədardır ki, İŞİD parçalanmış vəziyyətdə olsa belə, şəbəkə
əsaslı sistemini işə sala bilir.
Ona hansı geostrateji güc mərkəzi dəstək olur – bu suala cavab axtarmaq da
aktualdır, amma nəticə budur ki, İŞİD 2024-cü ildə qlobal səs-küy yaradan iki
hadisəyə görə məsuliyyət daşıdığını bəyan edib.
Hər bir vəziyyətdə Moskvadakı hadisələrdən sonra bu nüanslar diqqətdə
saxlanılmalıdır:
– Terrorçular hər hansı taktika və silahdan istifadə edərək, istədikləri vaxt
hücum həyata keçirə bilərlər,
– Hökumətlər kəşfiyyat xəbərdarlıqlarını gözardı etməməli və terror hücumundan
müdafiəni ideal səviyyəyə qaldırmalıdırlar.
Aqşin Kərimov