İŞİD tərkibində döyüşən azərbaycanlı qohumlara hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən
İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət
əməllərini törətməkdə şübhəli bilinən Mircəlal Salahov və onun qardaşı Mircavad
Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mircəlal Seyidov və Mircavad Salahovun hər biri 10 il 6
ay müddətinə azadlıqdan mərhum ediliblər.
Qeyd edib ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində
İŞİD terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə
göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə
qaydalarına yiyələnib.
Daha sonra o, İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu
müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının
üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının
verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və
həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili
istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə
bir müddət digər ölkələrdə gizlənib.
Həmçinin, müəyyən edilib ki, Mircavad Seyidağa oğlu Salahov İŞİD terror
təşkilatına qardaşı Mircəlal Seyidağa oğlu Salahov tərəfindən cəlb olunub.
Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında
apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.
Cinayət işi üzrə Mircavad Salahova Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə
hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahova
Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı
münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri
ilə ittiham irəli sürülüb.